Naxçıvanda «Azadlıq» radiosunun saytına giriş qapanıb

Məhdudiyyətlər hələ də davam edir

Muxtar Respublikanın bütün ərazisində «Azadlıq» radiosunun (www.azadliq.org), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (www.nakhchivan.org.az) saytlarına qoyulan məhdudiyyətlər hələ də davam edir.

Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet şöbəsinin müdiri Vüqar Rəsulov bildirdi ki, hər-hansı bir veb-sayta müdaxilə etmək onların imkanları xaricindədir.
Problemlər yaşanırsa, bu, paytaxt Bakı ilə bağlıdır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Müşfiq Əmirov isə dedi ki, yaranmış problem ancaq Naxçıvandakı provayderlə bağlı ola bilər.

Naxçıvan MR-da alternativ internet provayderləri yoxdur, bu da Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan nakhinternet.az provayderi üçün rəqabətsiz mühit yaradır. Həmin provayder özünün bir o qədər də sərfəli olmayan şərtlərini və xidmətlərini istifadəçilərə diktə etməkdədir.