«İbrahimbəyov kimi ziyalılar ortaya çıxanda bunlar heç nə olur»

«…Rüstəm İbrahimbəyov və onun kimi ziyalılar ortaya çıxanda bunlar heç nə olurlar»

«Yeni Müsavat»: Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibənin əks-sədası hələ də səngimir. Bu dəfə məsələyə Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev münasibət bildirib.

«Milli Məclisin hörmətli mədəniyyət komissiyasının sədri Nizami müəllim başa düşmür və deyirsə ki, Rüstəm İbrahimbəyovç ümumiyyətlə, yazıçı deyil, mənim bizə yazığım gəlir. Özümə yazığım gəlir ki, belə bir adamın olduğu dövlətdə yaşayıram. Rusiyanın keçmiş prezidenti Yeltsini nəinki xoşlamır, heç ona hörmət də etmirdim. Amma bu adam deyib ki, Rüstəm İbrahimbəyov Rusiyanın fəxridir. Mən hesab eləmirəm ki, Nizami Cəfərov Yeltsindən üstün adamdır. Onun da nüfuzu var, düzdür, amma mən Yeltsinə daha çox inanıram, nəinki Nizami Cəfərova».

«…Rüstəm İbrahimbəyov və onun kimi ziyalılar ortaya çıxanda bunlar heç nə olurlar. Yalnız ona görə yox ki, o, rusca yazır və ya bizi hardasa tanıtdırır. Bunların məqsədi odur ki, ümumiyyətlə, belə adamlar burada olmamalıdılar. Rüstəmin əleyhinə danışan adamlar istəyirlər ki, ölkənin gələcəyi Rüstəmlə yox, onlarla, eləcə də bu torpaqları satan vicdansızlarla bağlı olsun».
«Bizim Yol»: Digər tanınmış Azərbaycan yazıçısı Çingiz Hüseynov isə müsahibəsində bildirib: «Rüstəm İbrahimbəyovla bağlı mübahisələr tamaşalı oyundur, icazəli xarakter daşıyır». Yazıçı birmənalı şəkildə deyir ki, indi «Azərbaycan yaltaqlığın intibah dövrünü yaşayır».

«525-ci» qəzetə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyir: «Sovet dövründə tələbə müəllimə tabe idi, indi müəllim tələbəyə tabedir». Rektor daha sonra bildirir: «Müəllimlərin sosial vəziyyəti yaxşı olsa, müəllim tələbə ilə ata-oğul kimi rəftar edər».

«Mərkəz»: Azərbaycan şəkər xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb. Səhiyyə təşkilatları və maliyyə şöbələrinin səhlənkarlığı üzündən dərmanlar bəzi xəstələrə çatmır. «Artıq şəkərli diabet tibbi deyil, sosial problemə çevrilib. Məsələ burasındadır ki, dünyada hipertoniya, böyrək çatışmazlığı, ayaqların ambutasiyası kimi xəstəliklərin əksəriyyəti, o cümlədən korların təxminən 25 faizi şəkərli diabetin payına düşür».

«Yeni Azərbaycan» qəzeti Türkiyə ilə Ermənistan sərhədinin açılması ehtimalı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir sualına cavab axtarır. Müəllif mülahizələrini belə yekunlaşdırır: «Ankara Bakıdan daha çox narahat olmalıdır. Çünki bu gün Azərbaycan öz enerji ehtiyatlarını Türkiyə vasitəsi ilə Qərbə ixrac edir. Və bundan Azərbaycan kimi Türkiyədə böyük qazanclar əldə edir. Digər tərəfdən, Türkiyədə qazın qiyməti durmadan artır. Hazırda Türkiyənin qaz baxarında Azərbaycanın payı 30 faizdir ki, bu da olduqca böyük göstəricidir. Yəni istənilən halda Türkiyə yüz ölçüb bir biçməlidir ki, qazanacaqları itirəcəklərindən az olmasın».
«Azərbaycan» yazır ki, «ölkədə həyata keçirilən uğurlu gender siyasəti Azərbaycan qadının ictimai fəallığını və layiqli həyat tərzini təmin edir». Məqalə «Qadın hərəkatı keyfiyyətcə yeni mərhələ qədəm qoyur»-, adlanır.