«Azərbaycan xalqı ilə fəxr edirəm»

O, 43 ildən sonra ilk dəfə Bakıya gəlib

«Azərbaycan xalqı ilə fəxr edirəm»- dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışında belə deyib.
Tədbirə qatılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında məlumat verib. Daha sonra elm qarşısında göstərdiyi xidmətlərə görə alim AMEA-nın Xarici Akademik Üzv Diplomu ilə təltif edilib.

Lütfi Zadə Amerika Birləşmiş Ştatlarının Berkli universitetinin ömürlük professorudur. Azərbaycanlı alim 6 elmi nəzəriyyənin, o cümlədən də məşhur Qeyri-səlis Məntiq nəzəriyyəsinin banisi, onlarla universitet və akademiyanın fəxri doktorudur. O, 43 ildən sonra ilk dəfə Bakıya gəlib.

Lütfi Zadə noyabrın 11-də Bakıda keçiriləcək «Bakutel» illik beynəlxalq telekommunikasiya sərgisində iştirak edəcək.