«Nazirlər Kabinetini ləğv etmək lazımdır»

Hüquqşünas Erkin Qədirli

«Prezident bu dəfə seçkiqabağı təbliğat aparmadı, platformasını da açıqlamadı. İnauqurasiya çıxışı da çox ümumi, pafoslu bir çıxış idi. Ona görə də prezidentin köklü islahatlar aparıb-aparmayacağı barədə nəticə çıxarmaq mümkün deyil».

«Azadlıq» radiosunun «Seçki qatarı» verilişinin qonağı olan hüquqşünas Erkin Qədirli belə dedi. O, hökumətdə ciddi kadr dəyişikliyi olacağını gözləmədiyini söylədi:

«Bu 5 ildə aparılan siyasətə baxanda, köklü islahatlar olacağına inanmıram. Çox adam gözləyir ki, kadr dəyişikliyi olsun. Əslində, bu, vacib deyil. Çünki ən ideal adamı bu sistemdə vəzifəyə təyin etsən, yenə də heç nə etməyəcək».

Ekspert hesab edir ki, indiki zamanda Azərbaycanda köklü islahat elə Nazirlər Kabinetinin ləğvi olardı:

«Bu, çox yararsız bir qurumdur, apendiksdir. Baş nazir, nazir müavinləri postları ləğv edilsin, nazirlər birbaşa prezidentə tabe olsun – buna əsl sistem islahatı deyərdim».