Müxbirlərimiz secki məntəqələrindən xəbər verirlər

Məntəqələrdə iki nəfərin səsvermə kabinəsinə girməsi müşahidə edilir

Naxçıvan. Səhər saatlarından başlayaraq seçicilərin fəallığı artıb. Xarici müşahidəçilər məntəqələri gəzməyə başladıqdan sonra seçicilər daha da fəallaşıblar.
Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi Muxtar Respublikada seçkiləri müşahidə edir.

Sumqayıt. 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 30 saylı məntəqəsində bir neçə qadın səsvermədən sonra məntəqə sədrindən hansısa vərəqə imza atıb, möhür vurmağı xahiş ediblər. Bildiriblər onlar məktəbdə işləyirlər və bu, onlara həqiqətən səs verdiklərini bildirmək üçün lazımdır. Məntəqədə iki nəfərin səsvermə kabinəsinə girməsi də müşahidə edilir. Seçicilər bunu əlifbanı bilməmələri ilə izah edirlər.
Eyni zamanda seçicilərin aktivliyi yaxşıdır, məntəqədə sıxlıq var. Müşahidəçilər yaxşı müşahidə apara bilmədiklərini deyirlər.
Əzizbəyov 14 saylı Dairə Seçki Komissiyasının 1 saylı məntəqəsində seçicilərin sol əlinə yox, sağ əlinin baş barmağına rəngsiz maddə vurulur. Komissiya rəsmiləri bunun təsadüf olduğunu desələr də, belə hallar bir neçə dəfə müşahidə edilib.