Avropa Məhkəməsi Fətullayevin işini araşdırır

Eynulla Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda və vergidən yayınmada günahlandırılaraq 8 il yarım cəza alıb

Avropa İnsan Hüquqları Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin işinə baxmağa başlayıb. Bunu «Azadlıq» radiosuna jurnalistin vəkili İsaxan Aşurov deyib:
«Artıq sentyabrın 9-da Azərbaycan dövlətinə sorğu göndərilib. Cavab üçün məhkəmənin reqlamentində nəzərdə tutulan qaydada dövlətə 16 həftə vaxt verilib. Bu müddət 2009-un yanvarın 16-da başa çatır. Bu, Azərbaycandan olan işlər üzrə prioritet qaydada ən tez baxılan işdir».
Vəkil deyir ki, Avropa Məhkəməsinin Eynulla Fətullayevin hüquqlarının pozulmasını tanıyacağı şübhəsizdir.
Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalistlə bağlı qərarının 2009-cu ildə çıxarılacağı gözlənilir.
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda və vergidən yayınmada günahlandırılaraq 8 il yarım cəza alıb.