Sarkisyan narahatdır

Ermənistan prezidenti hesab edir ki, qonşu ölkələrlə mübahisəli məsələlərin həlli dialoqsuz mümkün deyil

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın hərbi büdcəsinin artırılmasından narahatlığını bildirib. O, BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxışı zamanı deyib ki, hansısa ölkə hərbi büdcəsini artırmaqla fəxr edirsə, silah kvotasını pozursa, başqa bir ölkəni müharibəylə hədələyirsə, buna cavab verilməlidir.
S.Sarkisyan BMT Baş Assambleyasını Azərbaycana «ayı xidməti» göstərməkdə günahlandırıb:
«BMT Baş Assambleyasının «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair» qətnaməsinin qəbul edilməsi Azərbaycana «ayı xidməti»dir».
Onun sözlərinə görə, münaqişələr müxtəlif konfranslarda səsvermələr yolu ilə həll olunmur.
Ermənistan prezidenti hesab edir ki, qonşu ölkələrlə mübahisəli məsələlərin həlli dialoqsuz mümkün deyil:
«Qonşu ölkələr arasında həmişə mübahisəli məsələlər olub və onlar heç vaxt dialoqsuz həll edilməyəcək».