Müxalifət mərkəzdə mitinq qərarı verdi

Müxalifətin Əməkdaşlıq Mərkəzi meriyaya müraciətdə 9 ünvan göstərib

Prezident seçkilərini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzi sentyabrın 28-də şəhərin mərkəzi ünvanlarından birində mitinq keçirəcəyi barədə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq məktubu göndərib.
Bu barədə «Azadlıq» qəzetinə məlumat verən AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, meriyaya müraciətdə 9 ünvan göstərilib: Prezident Aparatının 200 metrliyində - Azneft meydanı, Nazirlər Kabinetinin yaxınlığında - Teleteatrın qarşısı, Milli Məclisin yaxınlığında - Parlament prospekti, Nərimanov metrostansiyasının yaxınlığı, Gənclik meydanı, Füzuli meydanı, Cavid bağı, Milli Elmlər Akademiyasının qarşısındakı bağ və 28 may metrostansiyasının qarşısındakı Cabbarlı meydanı.
H.Kərimovun sözlərinə görə, bu ünvanlardan hansına icazə verilsə, mitinq həmin meydanda keçiriləcək.

«Yeni Müsavat» yazır ki, «Rəsulzadənin adı BDU-ya niyə qaytarılmadı».
Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin adı Bakı Musiqi Akademiyasına qaytarıldı. Üzeyir bəyin adı Musiqi Akademiyasından 2000-ci il iyunun 13-də o vaxtkı prezident Heydər Əliyevin fərmanı əsasında götürülmüşdü. Həmin vaxt Bakı Dövlət Universitetinin Məhəmməd Əmin Rəsulzadənin adını daşımasına da son qoyulmuşdu.
Məsələyə münasibət bildirən Mehriban Vəzir deyib: «Bu şəxsiyyətlə belə davranılması Azərbaycanda azadlıqla bolşevizmin təfəkkür savaşının hələ bitmədiyini göstərir».
Müsavat partiyasının funksioneri Mehman Cavadoğlu isə bildirir ki: «Hakimiyyətdən bu səhvini düzəltməyini tələb edirik».

«Bizim Yol» yazır ki, Norveç mətbuatının «Statoyl»un bir milyardlıq rüşvət qalmaqalı məqaləsi rezanons yaradıb. Məqalədə göstərilir ki, dörd diktator ölkəsi üç il ərzində Norveçin neft nəhəngindən 1 milyarddan artıq pul alıblar. Yazıda həmçinin göstərilir ki, «şirkət son üç ildə Bakıdakı məmurlara 7 milyon dollar «imzahaqqı» verib».
«Cəmiyyət seçki prosesində aktivdir»-, «Üç nöqtə»yə müsahibəsində hakim partiyanı təmsil edən deputat Aydın Mirzəzadə belə deyib. O, müsahibəsində bildirib ki, artıq radikal partiyaların fəaliyyəti hiss olunmur. Onun fikrincə, cəmiyyət hazırda proseslərə obyektiv qiymət verməyə meyllidir.

«Şərq-Qərb» nəşriyyatı Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət əvvəl mətbuatda dərc edilmiş «Modernləşmə xətti yenə də gündəlikdədir» adlı geniş məqaləsini Azərbaycan, ingilis və rus dillərində bir kitabda çapdan buraxıb». Bu barədə «Azərbaycan» qəzeti məlumat verib.