13 min uşaq süddən zəhərlənib

Çin məmuru mağazadan quru südü müsadirə edir. Qinqdau şəhəri, 19 sentyabr 2008

Çində quru süd istehsalı ilə bağlı qalmaqal böyüyür. Yerli kütləvi informasiya vasitələri sentyabrın 22-də məlumat yayıblar ki, Çin şirkətinin günahı ucbatından artıq 13 min uşaq xəstəxanada yerləşdirilib. Onların 104-nün vəziyyəti ağırdır.
Buna qədər isə hökumət bildirmişdi ki, 6 mindən artıq uşaq xəstəxanaya yerləşdirilib. İki həftə əvvəl Çinin nəhəng quru süd istehsalçısı olan «Sanula» şirkəti etiraf etmişdi ki, uşaqların böyrəklərində daş tapılması və başqa zəhərlənmə halları keyfiyyətsiz südlə bağlıdır.