«Mirzə Sakitə hər hansı sui-qəsd olmayıb»

«Azadlıq» qəzetində hakimiyyəti tənqid edən yazıları ilə tanınan Mirzə Sakit narkotik maddə saxlama ittihamıyla həbs olunub

«Azadlıq» qəzetinin müxbiri Mirzə Sakitə həbsdə hər hansı sui-qəsd olmayıb. Ədliyyə Nazirliyinin cəzaların icrasına nəzarət müfəttişliyinin rəhbəri Malik Ələkbərov «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, söylənənlər şaiyədən başqa bir şey deyil:
«Həm Mirzə Sakitlə, həm də o məhkumla görüşlər keçirilib və deyilənlər öz təsdiqini tapmayıb. Mirzə Sakit cəzaçəkmə yerinin dəyişdirilməsini istəyir və müvafiq ərizə ilə penitensiar xidmətin rəhbərliyinə müraciət edib. Onun müraciətinə baxılır və yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul olunacaq».
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov isə Mirzə Sakitin həbsxana rəhbərliyini məhkəməyə verməsini Azərbaycan dövlətinin humanizm siyasətinin nəticəsi kimi qiymətləndirir.
«Azadlıq» qəzetində hakimiyyəti tənqid edən yazıları ilə tanınan Mirzə Sakit narkotik maddə saxlama ittihamıyla həbs olunub. Onun vəkili bildirdmişdi ki, məhbəsdə Mirzə Sakitə sui-qəsd hazırlanır və bu iddia ilə Mirzə Sakit də həbsxana rəhbərliyini məhkəməyə verib.