Rəsmi Bakı Gülün Yerevan səfərinə münasibət bildirdi

Məmmədyarov deyir ki, «Qafqaz sabitlik paktı» istiqamətdə müzakirələr davam etməlidir

Cənubi Qafqaza stabillik gəlsə, bu regiondakı ölkələr üçün müsbət hal olacaq. Xarici İşlər naziri Elmar Məmmədyarov belə deyib.

O, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü «Qafqaz sabitlik paktı» məsələsinə münasibət bildirib. Nazirin fikrincə, bu istiqamətdə müzakirələr davam etməlidir.

«İndi söhbət ondan gedir ki, region ölkələri məsləhətləşmələri davam etdirsinlər. Azərbaycan da öz tərəfindən yəqin ki, Rusiya və Gürcüstanla müzakirələri davam etdirəcək. Bu platforma hansı şəkildə təsdiq olunacaq, hələlik bunu demək tezdir»-, deyə nazir bildirib.

Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımasına gəlincə, nazir deyib ki, rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü tanıyır və hesab edir ki, bütün münaqişələr yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır.

Elmar Məmmədyarov Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər etmək istəyinə də rəsmi Bakının mövqeyini açıqlayıb:

«Bu, Türkiyənin daxili işidir. Türkiyə prezidenti qərarı özü verəcək. Azərbaycan bu məsələdə Türkiyəyə heç bir müdaxilə edə bilməz».

Türkiyə rəsmiləri prezidenti Abdulla Gülün artıq Yerevana getməsiylə bağlı qərarın verildiyini və səfərin sentyabrın 6-a planlaşdırdığını bildirib.