Bakı-Novorossiysk də dayandı

Bakı-Novorossiysk kəmərilə gündə 10-11 min ton neft nəql edilir

Avqustun 11-i səhər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın «Transneft» dövlət şirkətindən (Bakı-Novorossiysk boru kəmərinin Rusiya hissəsinin operatoru) Azərbaycan neftinin şimal marşrutu ilə nəqlinin müvəqqəti dayandırılması haqda bildiriş alıb.

Bu barədə «Turan»a Azərbaycanın neft dairələrindən yüksək vəzifəli məmur bildirib. Onun sözlərinə görə, bildirişdə deyilir ki, neftin nəqli kəmərə Şimali Qafqaz ərazisində planlı texniki xidmətlə bağlı dayandırılır. Bundan başqa, şirkət bildirib ki, neftin nəqli ARDNŞ-in bildirişi almasından 8 saat sonra dayandırılacaq.

«Transneft» ARDNŞ-i inandırır ki, profilaktik işləri ən qısa müddətdə başa çatdırmaq mümkün olacaq. Ancaq Bakı-Novorossiysk neft kəmərinin işinin nə vaxt bərpa olunacağı dəqiqləşdirilməyib.

«Azəri-Çıraq-Günəşli» yataqlarını işlədən beynəlxalq konsorsium 2007-ci ilin aprelindən praktiki olaraq, neftin ixracı üçün şimal marşrutundan istifadə etməyib. Belə ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri həm kommersiya, həm də texniki baxımdan Rusiya marşrutundan daha sərfəlidir. 2008-ci ilin fevralında bu boru kəmərinin Azərbaycan hissəsi hüquqi olaraq ARDNŞ-in balansına keçib. ARDNŞ bu kəmərlə ildə 1 mln. ton həcmində neft ixrac edib. Lakin avqustun 6-na keçən gecə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində baş vermiş partlayışdan sonra konsorsium yenidən Bakı-Novorossiysk kəməri ilə ixraca başlayıb. Bu kəmərlə neft nəqlinin həcmi gündə 10-11 min ton təşkil edib.