İdmançılar Pekinə yola düşdü

Azərbaycanı Pekində 10 növ üzrə 44 idmançı təmsil edəcək

Avqustun 6-da Azərbaycanın 147 nəfərdən ibarət nümayəndə heyəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Pekinə yolla düşüb.
Nümayəndə heyətinin tərkibində olimpiada iştirakçılarından güləşçilər, boksçular, atletlər, üzgüçülər, məşqçilər və s. şəxslər daxildir.

Digər idmançılar isə avqustun 16-da Pekinə yollanacaq.

Azərbaycanı Pekində 10 növ üzrə 44 idmançı təmsil edəcək.

Pekindəki Olimpiya şəhərciyində Azərbaycan Bayrağı avqustun 7-də qaldırılacaq. Oyunların açılış mərasimində Azərbaycan Bayrağını Afina Olimpiadasının qızıl medalçısı Fərid Mansurov aparacaq.
Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlayır.

2004-cü ildə keçirilən Afina Yay Olimpiya oyunlarında Azərbaycan 38 idmançı ilə təmsil olunmuşdu və 1 qızıl, 4 gümüş medal qazanmışdı. Həmin vaxt Azərbaycan 202 dövlət arasında medalların sayına görə, 37-ci yeri tutmuşdu.
Pekin Yay Olimpiya Oyunlarında qızıl medal sahibinə hökumət 400 min, Milli Olimpiya Komitəsi isə 200 min manat məbləğində pul mükafatı verəcək.

Olimpiyaya hazırlıq üçün bu il Azərbaycan 3 milyon 150 min manat vəsait xərcləyib.