Qəzetin qapadılması haqda iddia rədd edildi

«Azadlıq» qəzeti 1989-cu ildən fəaliyyət göstərir

Avqustun 1-də Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanov AXCP-nin keçmiş üzvü Təhmasib Novruzovun «Azadlıq» qəzetinə qarşı iddiasına baxıb.

Təhmasib Novruzov qəzetin yaradılmasında xüsusi xidmətləri olduğunu iddia edərək təsisçiliyin qəzetin kollektivindən alınaraq ona verilməsini tələb edir.

Məhkəmədə T.Novruzov prosesdə cavabdeh qismində iştirak edən «Azadlıq» qəzetinin direktoru Azər Əhmədova bir neçə sual verib. Ancaq hakim sualların çoxunun işin mahiyyətinə aid olmadığını əsas gətirərək onlara cavab verilməsini ehtiyac olmadığını bildirib.

Daha sonra T.Novruzov iddia qaldıraraq məhkəmədən «Azadlıq» qəzetinin məhkəmə prosesi başa çatana qədər qapadılması haqda qərar çıxarmasını istəyib. O, vəsatətini qəzetdə məhkəmə prosesi ilə bağlı yazıların məhkəmə qərarına təsir edə biləcəyi ilə əsaslandırıb. Hakim prosesin açıq keçirildiyini bildirərək vəsatəti rədd edib.

Tərəflərin arqumentlərini dinlədikdən sonra hakim son qərarın avqustun 5-i saat 10-da açıqlanacağı haqda qərar çıxarıb.
«Azadlıq» qəzetin 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC)nin orqanı kimi yaradılıb. 1993-cü ildə qəzetin təsisçiliyi həm də kollektiv elan edilib. 1996-cı ildə isə artıq AXCP öz payını da qəzetin kollektivinə bağışlayıb.