Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Ekspertlər Azərbaycan və Gürcüstan seçkilərində fərqli cəhətlərdən danışırlar


Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

Noyabrın 28-də Azərbaycanın qonşusu- Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda hakim “Gürcü arzusu” blokunun dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66, müxalifətçi “Güc birlikdədir”-innamizədi Qriqol Vaşadze isə 37,7 faizini toplamışdı.

Bu il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində isə hər şey elə birinci turda da həll edildi. Hazırkı dövlət başçısı İlham Əliyev 7 rəqibini böyük üstünlüklə geridə qoydu.

Bəs bu iki ölkədə keçirilən prezident seçkiləri arasında fərq yalnız rəqəmlərdən ibarətdirmi, yoxsa başqa cəhətlər də var?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı düşünür ki, əsas fərq Gürcüstanda prezidentlik uğrunda iki böyük qlobal gücün maraqlarına xidmət edən namizədlərin yarışmasıdır:
“ Biri Qərb, digəri isə Rusiya yönümlüdür. Ancaq Azərbaycanda 11 aprel seçkilərinə qatılanların hamısı Azərbaycanyönümlü idi, hər hansı bir dövlətin maraqlarından çıxış etmirdilər”

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“Azərbaycanda qarşıdurma halları qeydə alınmadı”

Məhərrəm Zülfüqarlı bildirib ki, Gürcüstanda keçirilən seçkilərin birinci turu qarşıdurma halları, müəyyən zamanda bəzi regionlarda münaqişələrin olması ilə seçildi: “Amma Azərbaycanda qarşıdurma halları qeydə alınmadı”

Seçkilərin azad və demokratikliyinə gəlincə, AVCİYA Seçki Qərargahının rəhbəri hesab edir ki, Azərbaycanda qarşıdurma olmadığı və müxtəlif dövlətlərin maraqlarına xidmət hallar nəzərə çarpmadığına görə seçicilər öz istədikləri namizədlərə səs veriblər:

“ Hansısa siyasi oyunlara qoşulmadılar. Gürcüstandakı son proseslərdə siyasi oyunlar var. Ola bilsin Qərbyönümlülər bunu demokratiya adlandırsın. Amma İvanişli, Saakaşvili qrupları arasında mübarizə gedirsə, artıq Gürcüstandan çox Rusiya və Avropa ölkələrinin maraqlarından çıxış edən namizədlər var. Azərbaycanda isə belə hallar yoxdur”

O, beynəlxalq təşkilatların Azərbaycanla müqayisədə Gürcüstandakı seçkiləri demokratik hesab etmələrini qəbuledilməz sayır:

“Biz ötən əsrin 90-cı illərində Qərb ekspertlərinin fikirlərinə daha çox inanardıq, artıq onların riyakarlığının şahidi olduq. Azərbaycan vətəndaşlarının əksəriyyəti bu riyakarlığa görə, onların bəyanatlarına inanmırlar. Çünki onların hansı mövqedən çıxış etməsi və məqsədlərinin dövlətləri zəiflətmək olduğunu gördük. Ona görə hansısa Qərb ekspertinin fikri 90-cı illərdə olduğu kimi qəbul olunmur”.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, seçki eksperti Akif Qurbanlı isə deyir ki, Azərbaycan və Gürcüstan müəyyən qədər ortaq keçmişə malikdirlər. Üstəlik, qonşu ölkələrdir. Amma onun fikrincə onlarda seçki sistemlərini müqayisə etməyin asan və çətin tərəfləri var:

“ Gürcüstanda bütün namizədlərin tərəfdarları komissiyalarda rahat müşahidə apara biliblər”

Ona görə çətindir ki, Azərbaycanda keçirilən son seçkilərdə institutlar və mexanizmlər işləmir. Vətəndaş cəmiyyəti üçün nə müşahidəçilik təmin olunur, nə ictimai debatlar var, nə də alternativlərin fikirlərinə əhatəli yer verilir. Asan tərəfinə gəlincə, ATƏT-nin iki ölkədəki seçki prosesi haqda hesabatına diqqət yetirməklə mənzərə aydın olur. Birinci nəticələrə baxdıqda fərq görünür. Artıq Gürcüstanda ikinci tur olacaq, real rəqabət prosesi var, hökumət inzibati resursu hakim partiyanın namizədin xeyrinə istifadəyə cəhd etsə də, birinci turda qələbə qazanmadılar. İkinci, mediada namizədlər açıq debatlar keçirdi, proqramlarını ortaya qoydu, ictimaiyyət fərqi gördü. Üçüncü, bütün partiyaların namizədləri əhaliylə çox rahat şəkildə qapalı və açıq təmasda olublar. Nəhayət, exit-polların nəticələri ilə seçki komissiyalarının nəticələr üst-üstə düşüb. Həm də bütün namizədlərin tərəfdarları komissiyalarda rahat müşahidə apara biliblər. Bəli, pozuntular baş verib, amma nəticələrə təsir etməyib. Yəni pozuntuların mübahisəsini Avropa İnsan Hüquqları Məhkəməsinə daşımırlar. Sadaladıqlarımı götürdükdə, müqayisə etmək çox asandır”.

Akif Qurbanlı Məhərrəm Zülfüqarlının arqumentlərini bölüşmür:

“Gürcüstandakı seçkilərdə sabitliyin pozulması faktı varsa, ortaya qoysunlar. Əksinə, qonşu ölkədə seçki yolu ilə dinc hakimiyyət dəyişikliyinin baş verdiyi oturuşmaqdadır. Bundan əvvəl Saakaşvili partiyası parlament seçkilərində, ardınca prezident seçkilərində uduzdu və hakimiyyətə yeni komanda gəldi. İndi hökumətin namizədinin qələbə qazanması ciddi şübhə altındadır. Yəni xalqın iradəsi ilə dəyişiklik olur. Azərbaycanda isə heç nə dəyişmir. Neçə illərin seçkilərdir ki, seçki yoluyla hakimiyyət dəyişikliyinin mümkünsüzlüyü görünür və nəticə olaraq seçki institut olaraq yox olmaq üzrədir. Belə olan halda sabitlikdən danışmaq yersizdir. Siyasi yönümə gəlincə, Gürcüstandakı ilk üçlükdəki namizədlər Qərbyönümlüdür və əgər sivil dartışma olursa, bunun özü də normaldır. Həm də Tbilisi Brüssellə Assosiativ saziş imzalayıbsa, hara inteqrasiya olduğu məlumdur. Azərbaycanda isə hökumətin Rusiyanın addımlarına qarşı mövqesizliyini görüncə, nəyisə sübut etməyə ehtiyac olur”.

Xatırlatma

Prezidentliyə namizədlər Grigol Vashadze və Salome Zurabishvili
Prezidentliyə namizədlər Grigol Vashadze və Salome Zurabishvili

​Gürcüstanda prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib.

Seçki bülletenlərinə 25 namizədin adı daxil edilib. Onlardan 19-nun namizədliyini siyasi partiyalar, 6 nəfərin namizədliyini isə seçicilərin təşəbbüs qrupları irəli sürüb.

Ancaq namizədlərdən 2 nəfəri ( Akaki Asatiani və Vaxtanq Qabuniya) seçkiyə az qalmış iddialarını geri çəkib.Qalan 23 namizəddən isə yalnız 2-si ikinci tura keçib.Bunlar hakim qüvvənin namizədi Salome Zurabişvili və müxalifətçi Qriqol Vaşadzedir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG