Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:50

Zurabişvili Vaşadzeni necə uddu


Q.Vaşadze və S.Zurabişvili

Hakim partiya seçki öncəsi inzibati resursları işə saldı, psixoloji gedişlər etdi və nəticə göz qabağındadır. Gürcüstanda Salome Zurabişvilinin qələbəsi Bakıda əsasən bu cür dəyərləndirilir. Xüsusən də 600 min vətəndaşın banka kredit və borclarının silinəcəyinin elan olunması, sosial müavinətlərin artırılması, büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması haqda vədlərin hakim namizədin xeyrinə işlədiyi bildirilir.

«600 min adamın borcunu silmək güclü addım idi. Bu, demokratiyaya uyğundur, uyğun deyil, o başqa məsələ», - Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyir.

O, seçkinin həftə arasına salınmasını da uğurlu gediş sayır: «Orda çox adam Tiflisdə və ya Kutaisidə işlədiyi halda kənddə yaşayır. Onlar şənbə və ya bazar səsvermədə iştirak edə bilərdilər, amma həftəarası işləyirlər. Bayaq bir ifadə də oxudum: «Saakaşvilidən qorxu Zurabişviliyə nifrətdən daha güclü oldu». Bu da var».

«Hakimiyyət Saakaşvilini tələyə saldı»

Politoloq Şahin Cəfərlinin qənaətincə də, müxalifətin ikinci turda keçmiş prezident Mixeil Saakaşvili amilini həddən artıq önə çəkməsi öz əleyhinə işlədi.

Ş.Cəfərli
Ş.Cəfərli

«Hakimiyyətin də istədiyi bu idi ki, bu seçkini Vaşadze ilə Zurabişvili arasındakı mübarizədən çıxarıb Saakaşvili ilə İvanişvili, yəni köhnə komandayla indiki komandanın mübarizəsi müstəvisinə gətirsinlər. Saakaşvili bu tələyə düşdü. İkinci turda elə bir təəssürat yarandı ki, sanki müxalifətin namizədi Qriqol Vaşadze yox, Saakaşvilidir. Bu da keçmiş prezidentdən narazıları səfərbər etdi. İkinci turda iştirak faizi 10 faiz çox oldu, hakimiyyət narazı təbəqəni seçkiyə gətirə bildi», – Ş.Cəfərli söyləyir.

Politoloq hakim partiyanın qələbəsini həm də birinci turdan sonra onun ciddi fəaliyyətə başlaması ilə izah edir: «İki yeni seçki qərargahı yaradıldı. Ölkə miqyaslı qərargahın başına parlament sədri İrakli Kobaxidze təyin olundu, paytaxt qərargahına isə Tbilisi meri Kaxa Kaladze. Təkcə elə bu fakt özü göstərir ki, hakimiyyət seçkiyə nə qədər önəm verib. Həm Kobaxidze, həm də Kaladze hakimiyyət komandasının ən güclü simalarıdır».

Proqnozlar necə alt-üst oldu

Bununla belə, Ş.Cəfərli Zurabişvilinin 20 faiz fərqlə qələbəsini gözləmirmiş, səs fərqinin 3-4 faiz olacağını proqnozlaşdırıbmış.

«Borçalı cəmiyyəti» İctimai Birliyinin sədri Zəlimxan Məmmədli müxalifət namizədi Q.Vaşadzenin 60 faiz səslə qalib gələcəyini ehtimal edirmiş, amma əksinə olub. Onun sözlərinə görə, məntiqlə müxalifətin ikinci turda qələbə şansı daha çox imiş: əvvəla, Vaşadze tanınan fiqurdur. İkincisi, keçmişdə ciddi islahatlar müəllifi olub. Nəhayət, müxalifətin digər namizədləri də onu dəstəkləyəcəklərini bəyan etmişdilər.

Gürcüstan növbəti prezidentini seçir
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Z.Məmmədlinin qənaətincə, ikinci turda hakimiyyətin resurslarını səfərbər etməsi, seçiciləri ələ alması, səsvermə günü «karusel» və başqa saxtakarlıq elementlərindən, seçicilərə psixoloji təzyiq, hədə-qorxulardan istifadə etməsi öz işini görüb.

Prezident seçkisindən önəmli parlament seçkilərinə hazırlıqlar başlayır

Z.Məmmədli narazı müxalifətin etiraz aksiyalarına getməsini istisna etmir. Onun sözlərinə görə, Saakaşvilinin seçiciləri fəal mübarizəyə çağırması və nəticələri tanımamasını bəyan etməsi siyasi gərginlik yarada bilər.

Politoloq Ş.Cəfərli isə güman edir ki, əksinə, müxalifət seçkinin ədalətsiz keçirildiyini, qanunsuzluqlar olduğunu bəyan etsə də, nəticələri şübhə altına salmayacaq. Buna görə də, etiraz aksiyaları, radikal addım gözləmir. O, müxalifətin nəticəylə barışaraq iki il sonra keçirilməli və prezident seçkisindən daha önəmli, «hakimiyyətə gəlmək üçün yol açan» parlament seçkilərinə hazırlaşacağını düşünür.

Deputat R.Musabəyov da iki il sonrakı parlament seçkilərinin hakimiyyət üçün asan olmayacağını ehtimal edir. O, seçicilərin indiki iqtidardan yorulduğunu deyir.

«Ehtiyatlı, qərbyönümlü siyasət davam edəcək»

Gürcüstanın xarici siyasətində ciddi dəyişiklik gözlənilmir. Buna səbəb də qonşu ölkədə prezident səlahiyyətlərinin məhdud olması, onun dövlət siyasətini müəyyən etməməsidir.

Politoloq Ş.Cəfərli növbəti prezidentin – «Qərbin adamı» olan S.Zurabişvilinin 2012-ci ildən hakimiyyətdə olan «Gürcü arzusu» partiyasının siyasətini davam etdirəcəyini söyləyir: «Saakaşvilidən fərqli olaraq, radikal qərbyönlü siyasət yerinə, Rusiyanı qıcıqlandırmadan ehtiyatlı, qərbyönümlü siyasət davam edəcək».

R.Musabəyov ABŞ himayəsində olan Gürcüstanın artıq iqtisadi layihələrə görə Avropaya meylləndiyini və gələcəkdə bu siyasi xəttin davam edəcəyini güman edir.

Z.Məmmədli
Z.Məmmədli

Gürcüstanda yaşayan etnik azərbaycanlılarla gözlənti nədir

«Borçalı cəmiyyəti» İctimai Birliyinin sədri Z.Məmmədli indiki iqtidarı «türk sevdalısı» saymır. İndiki hakimiyyətin azərbaycanlılarla bağlı verdiyi vədlərin birinə də əməl etmədiyini bildirir: «Populist vədlər verilmişdi, azərbaycanlılar yaşayan bölgələrdə toponimlərin dəyişəcəyi bildirilmişdi, amma olmadı. Soydaşlarımızın nazir təyin olunacağını demişdilər, amma əməl edilmədi. Əksinə, perspektivli gənclərdən bir-ikisini təsir altına alaraq bürokratlaşdırıldı. Yerli icra qurumlarına seçkilər zamanı seçilmiş namizədlərin qələbəsinin qarşısını aldılar. Və ya parlamentə seçilmiş soydaşımızın halal qələbəsi saxtalaşdırıldı. Borçalı türklərinin mədəniyyətinin nümayiş yeri olan elat tədbirləri yasaqlandı. Konkret mənim – iki xalqın yaxınlaşmasının carçısı olan Zəlimxan Məmmədlinin Gürcüstana girişinə yasaq qoyulub. Bu, artıq ikili standartdır».

Deputat R.Musabəyov isə bu ölkədə yaşayan azərbaycanlılara münasibətdə müəyyən müsbət dəyişikliklər baş verdiyini deyir. O, həmin bölgədə olarkən azərbaycanlıların fəallaşdığını gördüyünü qeyd edir. Habelə bildirir ki, SOCAR-ın maliyyə dəstəyi ilə 2 minə yaxın azərbaycanlı Gürcüstan ali məktəblərində gürcü dilində oxuyur. O, bununla da düşünür ki, onlar azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olacaqlar.

R.Musabəyov bunu da əlavə edir: «Ağlı başında olan Gürcüstan siyasətçisi yadından çıxarmamalıdır ki, 2012-ci ildən indiyədək bu ölkədə bir nömrəli xarici investor Azərbaycandır. Bunun üstündən xətt çəkmək mümkün deyil, bunu ağlı başında olmayan adam edər».

XS
SM
MD
LG