Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Qazaxıstanda yeniyetmələrdə hamiləlik zorlamalardan və cinsi tərbiyənin olmamasından qaynaqlanır


Mütəxəssislər rəqəmlərdəki artımı cinsi təcavüzə məruz qalan qızların müdafiəsinin, eləcə də cinsiyyət və hamiləlik təhsilinin yetərsizliyinə bağlayırlar.
Mütəxəssislər rəqəmlərdəki artımı cinsi təcavüzə məruz qalan qızların müdafiəsinin, eləcə də cinsiyyət və hamiləlik təhsilinin yetərsizliyinə bağlayırlar.

13 yaşlı Güldərən (kimliyinin açıqlanmaması üçün yeniyetmənin adı dəyişdirilib) başına gələnləri bacısına danışanda artıq yeddi aylıq hamilə idi. Onu özündən dörd yaş böyük qonşusu zorlamışdı.

Yaşadığı kənddə insanların onu qorumaqdansa mühakimə edəcəyindən çəkinən uşaq qorxusundan danışmayıb. Ancaq gözlənildiyi kimi, Güldərəni zorlayan adam həbs edilsə də, qızın ailəsi hadisənin baş verdiyi kəndi tərk etməyə məcbur qalıb.

15 yaşlı Sezimin (ad dəyişdirilib) də hekayəti buna bənzəyir. Ancaq onu zorlayan böyük qardaşı olub. Hamilə olduğunu gec bilən Sezim uşağı dünyaya gətirməyə məcbur qalıb. Ailəsi axırda körpəni uşaq evinə vermək qərarına gəlib.

Yalnız iki hekayət

Bunlar Qazaxıstanın güneyində yerləşən Türkistan əyalətində və əyalətin ən böyük şəhəri sayılan Şımkentdəki böhran mərkəzlərində qalmalı olan qadınların hekayələrindən yalnız ikisidir.

Səhiyyə Nazirliyinin bilgisinə görə, bu ilin ilk yarısında Qazaxıstanda yaşı 15-17 arasında olan 1166 qız dünyaya uşaq gətirib. Qazaxıstanın əhalisinin toplam sayı 20 milyon nəfərdir.

Bu saydan başqa, daha 174 yeniyetmənin abort etdirdiyi bildirilir. Onlardan beşinin yaşı heç 14-ə çatmayıb.

AzadlıqRadiosu qazax xidmətinin əməkdaşı Dilara İsanın qələmə aldığı məqalə əsasında radionun müxbiri Kris Rikltonun hazırladığı yazıda deyilir ki, mütəxəssislər rəqəmlərdəki bu artımı cinsi təcavüzə məruz qalan qızların müdafiəsinin, eləcə də cinsiyyət və hamiləlik təhsilinin yetərsizliyinə bağlayırlar. Bu, özəlliklə ölkənin daha mühafizəkar bölgələrinə aiddir.

"Cinsi münasibətlərə könüllü girib hamilə qalan qızlar da var, bəzən atası, ya ögey atasının, yaxud bioloji qardaşının zorladıqları da", - daha öncə zorakılıq qurbanı olan yeniyetmə qızlarla çalışmış psixoloq Perizat Kaldarova belə deyir.

"İnsest halları lap çətindir. Belə zorakılığı yaşayan qızların, demək olar, hamısı qorxu və dəhşət hissi içində qalır. Onlar hamilə qaldıqlarını da çox zaman gec öyrənirlər", - yenə Kaldarovanın AzadlıqRadiosuna dediyi sözlərdir.

Bu ilin ilk yarısında Qazaxıstanda yaşı 15-17 arasında olan 1166 qız dünyaya uşaq gətirib.
Bu ilin ilk yarısında Qazaxıstanda yaşı 15-17 arasında olan 1166 qız dünyaya uşaq gətirib.

Ailə böhran mərkəzlərinə üz tutmaq tək yoldur

Bu da o deməkdir ki, sözügedən qızlar ailə böhran mərkəzlərinə üz tutmağa da gecikirlər. Tutalım, məktəblərdəki psixoloqların köməyi yetməzkən, ailə böhran mərkəzlərinə müraciət etmək institusional dəstək almağın tək və gerçək yoludur.

Məktəbə getmədikləri zamanı boşa çıxarmamaq üçün böhran mərkəzlərində yaşayan qızlara təhsil verilir. Onlar ruh düşkünlüyünü adlamaqdan ötrü psixoloji yardım da alırlar. Şımkentdəki "Kömek" böhran mərkəzinin sosial işçisi Nurgül Berdibayeva deyir ki, belə qızlarda istər hamiləlik dönəmində, istərsə hamiləlikdən sonra depressiya hallarına çox rast gəlinir.

"Qızlar, adətən, doğuşdan çox az öncə mərkəzə gəlib çıxırlar… Hər biri də təlaşlı və gözləri qorxu içində. Doğuşdan sonra qızın həyatı kökündən dəyişir", - Berdibayeva belə deyir.

"Psixoloji zədə uzun müddət qalır və məktəbə qayıtmaq çox çətin olur. Başlarına gələnləri xatırladan kiçicik bir söz belə onları yenidən depressiyaya sala bilər", - yenə sosial işçinin sözləridir.

Böhran mərkəzlərinin də elə böyük imkanları yoxdur

2019-cu ildə Qazaxıstan Daxili İşlər Nazirliyi "Human Rights Watch"un suallarına cavablandırarkən, ölkədə 40 böhran mərkəzinin fəaliyyət göstərdiyini və onların arasında həm hökumət, həm də qeyri-hökumət mərkəzlərinin olduğunu bildirib.

"Human Rights Watch" bildirir ki, həmin rəqəm tövsiyə olunan beynəlxalq standartlardan aşağıdır. Beynəlxalq standartlara görə, hər 10 min nəfərə bir sığınacaq düşməlidir.

Qurumun, əsasən, ailə zorakılığının qurbanlarına fokuslandığı hesabatında hökumətin nəzarətindəki böhran mərkəzlərində çalışanların xidmət göstərmək üçün yetərli təlim almadığı deyilir.

Hesabatda bu da deyilir ki, qurumun araşdırdığı mərkəzlərin bəzilərində çalışanların qurbanı günahlandırmağa meylli olduğu aşkar edilib.

Mütəxəssislər deyirlər ki, yeniyetmələrə daha yaxşı cinsi təhsil verilməsi arzulanmaz hamiləliklərin qarşısının alınması baxımından çox böyük kömək olar.
Mütəxəssislər deyirlər ki, yeniyetmələrə daha yaxşı cinsi təhsil verilməsi arzulanmaz hamiləliklərin qarşısının alınması baxımından çox böyük kömək olar.

Psixoloq Kaldarova deyir ki, ailə zorakılığı və yeniyetmə hamiləliyi bağlamında qurbanlar onsuz da çox zaman özləri özlərini günahlandırırlar.

O iddia edir ki, bu problem qismən seksin ailədə müzakirə olunması ilə bağlı tabu və bu mövzunun utancla assosiasiya edilməsindən qaynaqlanır.

Mütəxəssislər deyirlər ki, yeniyetmələrə daha yaxşı cinsi təhsil verilməsi arzulanmaz hamiləliklərin qarşısının alınması baxımından çox böyük kömək olar. Belə təhsil həm razılığın vacibliyini vurğulamağa, həm də yeniyetmələri mövcud resurslar haqda bilgiləndirməyə yardım edər.

"Hər hansı əlaqəli plan mövcud deyil"

Qazaxıstanlı araşdırmaçılar Karlıqaş KabatovaSergey Marininin cinsi tərbiyəyə dair 2018-ci ildə hazırladıqları hesabatda qeyd edilir ki, "səhiyyənin yaxşılaşdırılması ilə bağlı çoxsaylı strategiyalar hazırlansa da… yeniyetmələr üçün reproduktiv sağlamlıq və cinsi hüquqlara toxunan hər hansı əlaqəli plan mövcud deyil".

K.Kabatova bu hesabatın dərcindən sonra cinsiz sağlamlıq və cinsi təhsilin təbliği ilə məşğul olan "Uyat Emes" (Ayıb deyil) platformasını qurub.

O deyir ki, həmin vaxtdan bəri Qazaxıstan Səhiyyə Xidməti Məcəlləsinə gənclərin cinsi və reproduktiv sağlamlığı, eləcə də cinsi hüquqlara dair təhsillə bağlı dəyişikliklər edilib. Buna baxmayaraq, "Mən bunun geniş miqyasda təqdim edildiyini görməmişəm", deyən Kabatova cinsi təhsil dərslərini proqrama daxil edən məktəblər arasında dövlət nəzarətində olan elit Nazarbayev məktəblərinin adını çəkib.

XS
SM
MD
LG