Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:47

Ziyafət Abbasova: 'Dedilər ki, səndə ruh pozğunluğu yoxdur'


 Ziyafət Abbasova
Ziyafət Abbasova

"Mən yaşadığım sığınacaqdan polislər tərəfindən aparılmışam". Bunu iyunun 6-da ruhi-əsəb xəstəxanasına yerləşdirilən və dünən, iyunun 7-də 3 saylı Şəhər Kliniki Xəstəxanasına köçürülən Ziyafət Abbasova "Turan"a bildirib. Onun sözlərinə görə, həmin gün səhər saat 11 radələrində beş polis əməkdaşı sığınacağa gələrək onu Zabrat qəsəbəsində yerləşən 15-ci polis bölməsinə aparıblar: "Xahiş etdim ki, əynimi dəyişim, dərmanları götürüm, imkan vermədilər. Orada bir neçə saat qaldım. Polisdə də dedim ki, dərmanlarımı gətirin, onlarsız qala bilmərəm, amma gətirmədilər. Orada da vəziyyətim pisləşdi".

Z.Abbasova daha sonra ruhi-əsəb dispanserinə aparıldığını söyləyir: "Orada mənimlə yaxşı davrandılar, dinlədilər, dərmanımı gətirtdilər. Dünən, iyunun 7-də mənə dedilər ki, səndə ruh pozğunluğu yoxdur, tam sağlamsan, baş həkim də mənimlə bir saat söhbət etdi".

O vurğulayıb ki, mobil telefonu polis bölməsində qalıb və, hələlik, özünə qaytarılmayıb: "Bölməyə aparılanda mənə telefonumu verməyimi tələb etdilər. Elə biliblər aparılanda nəsə çəkmişəm, amma mən çəkmirdim".

Z.Abbasovanın dedikləri ilə bağlı Daxili İşlər Nazirliyindən və Psixiatriya Xəstəxanasından, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Psixi xəstəxanaya yerləşdirilən müxalifətçidən xəbər var

İyunun 6-da Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi açıqlanan Ziyafət Abbasovanın 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu rayon) köçürüldüyü bildirilir.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Ədalət Yusubov məlumat verib. Onun sözlərinə görə, dünən, iyunun 7-də gecə Z.Abbasovanın vəziyyəti kəskin pisləşib: "Ziyafət xanımın başqa xəstəliyi var. Gündəlik müalicə alırdı, həkim nəzarətində idi. Onu zorla, polis gücünə aparıb ora salanda onun keçirdiyi psixoloji sarsıntı səhhətindəki problemlərin şiddətli qabarmasına səbəb olub".

Ə.Yusubovun deməsinə görə, Z.Abbasova bir sutka ərzində heç nə yeməyib: "Axşam da vəziyyəti kritikləşib və gecə onu məcbur olub xəstəxanaya köçürüblər".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də "Turan" bildirib ki, Z.Abbasovanın müalicəsi digər xəstəxanada davam etdirilir: "Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra Sabunçu rayon Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir".

Məsələ ilə bağlı 1 saylı Respublika və 3 saylı Şəhər Klinik xəstəxanaları ilə danışmaq mümkün olmayıb.

Yaxınları bir gün sonra xəbər tutub

Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ziyafət Abbasova iyunun 6-da Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bu barədə həmin partiyanın sədri Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, onun yaxınları bu barədə bir gün sonra xəbər tutub.

O vurğulayıb ki, Z.Abbasovanın sağlamlığı qaydasındadır, səhhəti normaldır, onun ruhi-əsəb dispanserində müalicəyə ehtiyacı yoxdur: "Bütün bu baş verənlər də yalnız xalqı qorxutmağa, tənqidi fikirləri susdurmağa yönəlib".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, Z.Abbasova yaşadığı sığınacağın müraciətinə əsasən, sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib: "Hazırda onun müalicəsi davam etdirilir".

Bütün bu deyilənlərlə bağlı 1 saylı Respublika Psixiatriya Xəstəxanası ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG