Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Putinin mətbuat katibini ‘işdən qovmaq’ çağırışı edilib (VIDEO)


Prezident Vladimir Putin (solda) və onun mətbuat katibi Dmitry Peskov (Foto arxivdəndir)
Prezident Vladimir Putin (solda) və onun mətbuat katibi Dmitry Peskov (Foto arxivdəndir)

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Duması spikerinin müavini Vladimir Zhirinovsky prezident Vladimir Putinin sözçüsü Dmitry Peskovun işdən azad olunmasına çağırıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, onun sözlərinə görə prezidentin mətbuat katibini koronavirusa yoluxduğuna görə vəzifəsindən qovmaq lazımdır.

Zhirinovsky Dövlət Dumasının iclasında fikrini belə əsaslandırıb:

“Baxın, indi prezidentin mətbuat katibi xəstələnib. Nə etmək lazımdır? Müalicə etmək? Bəli və sonra azad etmək. İşdən azad etmək! Axı sən necə xəstələnə bilərdin? Sənin belə sağlam jurnalist heyətin var. Onları da yığışdırmaq, on dəfə azaltmaq lazımdır. Deputatların sayını 2 dəfə azaltmaq lazımdır. Ölkədəki bütün məmurları ixtisar etmək lazımdır. Hər tərəf məmurdur, deputatdır, mətbuat xidmətləridir. Çox pisdir bu”.

Bu çıxışdan sonra Dövlət Dumasının spikeri Vyacheslav Volodin qeyd edib ki, koronavirusa yoluxmuş beş deputatdan heç biri LDPR üzvü deyil. Onların üçü hakim Vahid Rusiya, ikisi isə Kommunist Partiyası fraksiyasının üzvüdür.

Peskov LDPR üzvüdür?

Rusiya mediasından məlumdur ki, Peskov hələ 1993-cü ildən LDPR-ə üzv olub. Onun partiya ilə indiki münasibətləri barədə xəbər verilmir.

Dmitry Peskovun COVID-19-a yoluxmasına dair xəbəri onun özü mayın 12-də təsdiqləyib.

Peskov bildirib ki, o və arvadı Tatiana Navka virusa yoluxublar və hazırda xəstəxanada müalicə olunurlar.

Peskov bunu da bildirmişdi ki, Rusiya prezidenti ilə sonuncu dəfə təmasda bir ay bundan əvvəl olub.

LDPR lideri sözü gedən çıxışında habelə deputatların sayını iki dəfə azaltmağı, məmur sayını ixtisar etməyi təklif edib.

Zhirinovsky özünün Twitter hesabında yazıb ki, bu tədbirlər qənaət üçün görülməlidir:

“Həm pula qənaət edərik, həm də yerli parlamentlərdə sosial məsafəni saxlamaq asan olar”.

Zhirinovsky bundan əvvəl koronavirus pandemiyası ilə bağlı Rusiyada seçkiləri hər iki-üç ildə bir dəfə keçirməyi təklif etmişdi.

Bundan bir gün əvvəl Kremlin sözçüsü Dmitry Peskov Zhirinovsky-nin Rusiya Konstitusiyasına düzəlişlərə dair referendumun ləğv edilməsi ilə bağlı təklifinə reaksiya vermiş və demişdi ki, bu barədə fərman artıq imzalanıb və dəyişdirilə bilməz.

LDPR lideri bildirmişdi ki, Rusiyada pandemiya hələ bu ilin sonunadək qurtarmaya bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG