Keçid linkləri

Təcili xəbərlər
2020, 14 Avqust, Cümə, Bakı vaxtı 05:59

Zhirinovsky hakimiyyətə: ‘Stalin dövründəki kimi hərəkət edirsiniz...’


Vladimir Zhirinovsky

Rusiyada Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Zhirinovsky öz fraksiyasının tam heyətdə Rusiya Dövlət Dumasını tərk edəcəyi ilə hədələyib.

LDPR lideri belə bir bəyanatla iyulun 9-da, Xabarovsk diyarının qubernatoru Sergei Furgalın həbsindən sonra çıxış edib. Furgal LDPR üzvüdür. O sifarişli qətllərin təşkilndə şübhəli bilinir.

Furgal Vladimir Putinin hakim Vahid Rusiya partiyasına üzv olmayan azsaylı qubernatorlardan biridir.

Kremlin qisası?

Seçki təhlilçiləri diqqəti belə bir məqama çəkirlər ki, Konstitusiya dəyişikliklərinə səsvermədə Xabarovsk diyarında qutulara topası ilə bülletenlər atılmayıb.

Bu Konstitusiya dəyişiklilikləri Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verir.

İylun 9-da səhər İstintaq Komitəsinin nümayəndələri silahlı FTX əməkdaşlarının müşayiəti ilə qubernatoru evindən çıxarkən həbs ediblər. O təyyarə ilə Moskvaya gətirilib.

Dövlət Dumasında çıxış edən Vladimir Zhirinovsky bu hadisəni sərt sözlərlə pisləyib:

"Lazım olsa bütün LDPR fraksiyası səlahiyyətlərini təhvil verərək buradan gedə bilər. Qoy dünya bu ölkədə necə bir bardakın olduğunu bilsin.Sizə Konstitusiya lazım idi? Konstitusiyanı sizə verdik! Siz əvəzində qollarımıza qandal vurursunuz! Vicdansızlar! Ali kabinetlərdə oturub Stalin dövründə olduğu kimi hərəkət etməyə başlamısınız! Amma Bortnikov Beriya deyil. Nə də bizi həbs etməyə qəfəsli polis maşınlarınız yetməz”.

Zhirinovsky bunu da deyib ki, Sergei Furgal regionun ən yaxşı rəhbərlərindən biri idi:

“Onun bütün göstəriciləri əvvəlki qubernator Shport-un göstəricilərindən qat-qat yaxşı idi. Yəqin bu cinləndirir. Necə yəni, LDPR-dən qubernator. Göstəriciləri də yaxşı? Dəhşətdir”.

Liderin çıxışından sonra daha iki LDPR üzvü həbs olunub

LDPR lideri bildirib ki, onun partiyası namizədlərinin məhklumluğunun və yaxud hansısa başqa pozuntusunun olub-olmadığı barədə polisə müntəzəm sorğular göndərir:

“Onda heç bir məlumat verməmişdilər, amma indi, buyurun, 15 ildən sonra qandallayırlar. Siz 2004, 2005-ci illərdə heç nə etməyənləri, o uzaq illərdə cinayətkarları himayə edənləri tutun”.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Vladimir Zhirinovsky-nin bu çıxışından sonra FTX və İstintaq Komitəsi Xabarovsk diyarı Dumasının LDPR-dən olan iki deputatını – Dmitry Kozlovu və Sergei Kuznetsovu da həbs ediblər.

TASS xəbər agentliyi bildirir ki, bu həbslər “hələki” Furgal-ın işi ilə bağlı deyil.

40 deputatdan ibarət LDPR qrupu Rusiya Dövlət Dumasında böyüklüyünə görə üçüncü fraksiyadır.

Zhirinovsky-ni şantaja əl atmamağa çağırıblar

Kommersant qəzetinin yazdığına görə Dövlət Dumasının spikeri Vyacheslav Volodin LDPR tərəfindən şantajın yolverilməz olduğunu deyib.

O bu məsələni “siyasiləşdirməməyə və obyektivlik nümayişı etdirməyə” çağırıb:

“Xahiş olunur ki, bunun ətrafında siyasi vəziyyət yaratmayın. Prosessual imkanlar var, onlardan istifadə olunmalıdır. Bu məsələni şantaj müstəvisinə çıxarmayın”.

Volodin əlavə edib ki, Dövlət Dumasında Vladimir Zhirinovsky-yə “hörmət edir və başa düşürlər”.

Putinin sözçüsü Dmitry Peskov deyib ki, onun Zhirinovsky-nin çıxışına heç bir şərhi yoxdur.

Onun sözlərinə görə, Vladimir Putin Xabarovsk diyarının qubernatoru Sergei Furgal-ı istintaq materiallarının əsasında vəzifəsindən kənarlaşdıra bilər.

Sergei Furgal silsilə sui-qəsd və qətllərə qəsddə şübhəli bilinir.

Media xəbərlərinə görə söhbət 2004-cü ildə biznesmen Yevgeny Zorinin və 2005-ci ildə Oleg Bulatovun qətllərindən, habelə Amur işadamı Aleksandr Smolsky-yə sui-qəsddən gedə bilər.

Rusiya İstintaq Komitəsi habelə Furgal-ın başqa ağır cinayətlərlə əlaqəsini araşdırır.

XS
SM
MD
LG