Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05

Xristianlarda da zəncir vurmaq varmış- [Video]


İtaliya - Guardia Sanframondi-dəki dini məraimdə zəncirvurma
İtaliya - Guardia Sanframondi-dəki dini məraimdə zəncirvurma

-

Zəncirvurma, sinəvurma İslamın şiəlik məzhəbi ilə assosiasiya olunur. Amma bu ayinin tarixi şiəlikdən əvvələ gedib çıxır. Özü də xristianlığa.

Hətta indinin özündə də Avropanın bəzi xristian icmalarında keçirilən dini mərasimlərdə zəncirvurma və sinəvurma görmək olar.

Məsələn aşağıda 1-ci və 2-ci videolar İtaliyanın Guardia Sanframondi şəhərində keçirilən mərasimdəndir.

Mərasim İsa peyğəmbər, Məryəm ananın şərəfinə keçirilir və ona ağ əba geymiş flagellantlar (flagellantlıq - xristianlıqda özünə xətər toxundurmaqdır. Bu barədə aşağıda) da qoşulur. Onların üzü görünməməlidir.

Onlar kürəklərini zəncirləyir, sinə vururlar. Sinə vurmaq üçün mismarlı taxtadan istifadə olunur. Həmin mismarların üzərinə infeksiya olmasın deyə ağ şərab tökülür.

Yürüşə zəncirvuran uşaqlar da qoşulur. Amma qeyd edək ki, şiə mərasimlərindən fərqli olaraq İtaliyada flegelyantlar zənciri öz bədənlərinə xətər toxundurmamaq üçün yüngülcə vururlar.

Zəncirvurma (2.40-dan bax)

Sinə vurma

Əvvəllər sinəvurma daha qanlı olardı. Mismarlı taxtalar təkcə sinəyə yox, bədənin başqa yerlərinə də vurulardı. Məsələn 60-cı illərdə İtaliyada çəkilmiş bu videodakı kimi.

Elə zəncirvurma ayini də əvvəllər bədəndən qan çıxarmaq məqsədilə icra olunub.

"Zəncirvurma zamanı istifadə olunan qamçıların qarmaqları hər dəfə onların bədənlərinə ilişir və qopan ət parçaları divara tərəf uçurdu" - Bunu qədim flagellantlıq ayinləri haqqında qeydlər aparan orta əsr alman mistik filosofu Henrix Suzo yazır.

Flagellantlıq - zəncirvurma hərəkatı XIII əsrdə yaranıb. Bu ayinlər insanın fani, müvəqqəti sayılan cisminə, bədəninə cəza verilməsi, acgözlük, ehtiras və başqa hisslərinin cilovlanması, nəfsinin öldürülməsi məqsədilə həyata keçirilirdi. zəncirvurmalar həm açıq şəkildə, meydanlarda, küçələrdə, həm də bağlı qapılar arxasında icra edilirdi.

Hər bir flagellantın özü ilə daşıdığı tikanlı qamçısı və ya zənciri olurdu.

Flagellantın qamçısı. Muzeydə
Flagellantın qamçısı. Muzeydə

Flagellantlar bir qayda olaraq kilsələrdə toplaşır, alt geyimlərində, dua və mahnı sədaları altında kilsə yaxınlığında xaç yürüşləri keçirirdilər.

Daha sonra isə yerdə, təmizlənmək istədikləri günaha uyğun olaraq fərqli formalarda - o cümlədən zinakarlar qarnı üstə, qatillər kürəyi üstə və s - uzanaraq özlərini zəncirləməyə başlayırdılar.

(Bu mərasimlərə kilsənin ağır günah saydığı əməllərin sahibləri də qatılırdılar.)

Zəncirvurma ayinləri ancaq flagellantın bədənindən qan topuğa qədər şiddətli axdıqdan sonra dayandırılırdı.

Flagellantlar zahidliyin (özünü dünyanın həzz və nemətlərindən məhrum etmək, cəmiyyətdən, insanlardan qaçaraq guşənişin yaşamaq) ən qatı formasını təbliğ edirdilər. Zahidliyə əsasən, onlar nəinki qadınlarla cinsi əlaqədə ola bilməz, hətta onlarla danışa da bilməzdilər. Əgər onlardan kimsə bu qaydanı pozsaydı, rəhbərlərinin qarşısında ictimai şəkildə tövbə etməli olurdu.

Flagellantlara ancaq sadə qidalar qəbul etməyə və ancaq samanın üstündə yatmağa icazə verilirdi. Bu cür fanatiklik əhali tərəfindən xüsusi rəğbətlə qarşılanırdı. Buna görə də, flagellantların gəldiyini görən əhali onların ətrafına toplaşaraq gecələmək üçün yer təklif edirdi.

Guardia Sanframondi-də mərasim
Guardia Sanframondi-də mərasim

Kütləvi zəncirvurmalar hamılıqla tövbənin göstəriciləri kimi həyata keçirilirdi. İlk belə kütləvi zəncirvurmalar şimali İtaliyada keçirilib.

Xüsusən, tezliklə dünyanın sonunun çatacağını, məhşər gününün yaxınlaşdığını xəbər verən "öncəgörənlər" belə mərasimlərdə günahlardan təmizlənmək istəyənlərin sayını artırırdı.

Tarixçilərin şahidliyinə görə, təbəqəsindən asılı olmayaraq kiçikdən böyüyə bütün kişilər bütün işlərini ataraq kütləvi zəncirləmələr həyata keçirirdi.

1344-1349-cu illərdə taun epidemiyasının geniş yayılması ilə zəncirvurma ayinləri bütün cənubi və mərkəzi Avropada yayılmağa başladı.

Yürüşlərdə insanlar özlərini zəncirləyir, bununla taunun tanrının onların günahlarına görə göndərdiyi cəza olduğunu nümayiş etdirmək istəyirdilər.

İnqmar Berqmanın "Yedinci möhür" filmində də taun dövrünün flagellant yürüşü əksini tapıb. Yürüşçülər həm özlərini, həm də bir-birlərini qamçılayırlar.

Əvvəl-əvvəl katolik kilsəsinin zahidliyin bu forması ilə işi olmasa da, 1349-cu ildə Roma Papası VI Kliment flagellantlığı qadağan etdi.

Zəncirvurmaların çoxaldığı dövrdə katolik kilsəsinin sadə insanlar arasında nüfuzunun azaldığını görən xristian ruhanilər bu hərəkata qarşı çıxmaq planları fikirləşməyə başladılar.

Bu həm də flagellantların xristian ruhaniləri tənqid etmələri ilə bağlı idi.

Flagellantlığın qarşısının alınması onillərlə vaxt aldı. Almaniyadan başqa bütün Avropadakı flagellantlar susduruldu. Almaniya flagellantları isə ayinlərini başqa formalara salaraq onları gizlin keçirməyə müvəffəq oldular. Sonuncu alman flagellantları isə 1480-ci illərdə inkvizisiya tonqallarında yandırıldılar.

Günümüzdə flagellantlığın davamçıları İspaniya, İtaliya, Filippin və bir çox başqa ölkələrdə ayinlər keçirməkdədirlər.

Filippində zəncirvurma
Filippində zəncirvurma

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG