Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Zelenskinin Ağ Evdə görüşü müharibənin ən həlledici məqamı olacaq


Volodimir Zelenski Pensilvaniya sursat zavodunda mərmilərdən birini imzalayarkən
Volodimir Zelenski Pensilvaniya sursat zavodunda mərmilərdən birini imzalayarkən

AzadlıqRadiosunun təhlilçisi Todd Prins yazır ki, prezident Volodimir Zelenski Amerikaya döyüş meydanlarında Ukrayna ordusu üçün kritik bir zamanda, ABŞ-da isə Ağ Evin sahibinin tezliklə dəyişəcəyi bir vaxtda səfər edib.

O Pensilvaniyadakı silah zavodlarından birinə baş çəkib, Ukraynanın çox ehtiyacı olan 155 mm çaplı mərmilərdən birini imzalayıb, Amerikaya və müttəfiq ölkələrə dəstəyə görə təşəkkürünü bildirib.

Məqalədə deyilir ki, Zelenskinin ABŞ-a bu səfəri 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri ən həlledici səfər olacaq.

Odur ki, BMT-də edəcəyi çıxışda, Ağ Evdə planlaşdırılan görüşündə Zelenskinin bütün dünyanı II Dünya Müharibəsindən bəri Avropada ən böyük müharibəni aparan Ukraynaya daha çox dəstəyə çağıracağı gözlənilir. Onun əsas məqsədi ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi üçün Vaşinqtonun razılığını almaqdır.

Yaxın Şərq Ukraynanı arxa plana keçirir

Bundan başqa Yaxın Şərqdə genişlənməkdə olan münaqişə Ukrayna müharibəsini ikinci plana keçirib. Ukraynaya yardım məsələsində amerikalıların da səbri tükənməkdədir. Prezidentliyə respublikaçı namizəd Donald Tramp seçki kampaniyasında bu mövzunu bayraq edib.

San Dieqo Ştatının Universitetindən siyasət elmləri professoru Mixail Alekseyev AzadlıqRadiosuna deyib:

“Ukraynanın Qərbdən aldığı yardımlara spesifik olaraq ardıcıl və realist baxışı təqdim edə bilməsi çox vacibdir”.

Ukraynanın Avropa İttifaqındakı keçmiş təmsilçisi Andriy Veselkovski isə düşünür ki, Zelenski sentyabrın 25-də BMT-də edəcəyi çıxışda əsas diqqətini Qlobal Cənuba yönəltməlidir.

Qlobal Cənub dedikdə ekspertlər Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərqi nəzərdə tuturlar. Burdakı ölkələr ən yaxşı halda Ukrayna müharibəsinə münasibətdə ikibaşlı mövqe tutublar. Onları daha çox iqtisadi çətinliklər və ərzaq qiymətlərinin artımı narahat edir. Bu pərakəndə ölkələr qrupunda bir çoxları Ukrayna müharibəsinə ABŞ və Rusiya arasında proksi müharibəsi kimi baxırlar.

Qlobal Cənubu ələ almaq

Məqalədə vurğulanır ki, 2022-ci ilin martında BMT-də qəbul edilmiş qətnamənin səsverməsində bitərəf qalan 40 ölkənin hamısı Qlobal Cənubda yerləşir. Bu qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müdaxiləsi pislənirdi.

Veselovski deyir ki, Ukrayna Qərb-Cənub bölgüsündən çəkinməyi bacarmalıdır:

“Biz ən azı bəzi ölkələrin münasibətinin yumşalmasına çalışmalıyıq. Biz Ukrayna məsələsinə münasibətdə əhval-ruhiyyəni dəyişməyə can atmalıyıq”.

Məqalədə deyilir ki, Rusiya Qərblə münasibətlərini məhv etdikdən sonra Qlobal Cənub Moskva üzərində müəyyən təsirə malikdir.

BMT-nin Beynəlxalq Böhran Qrupunun direktoru Riçard Qovanın sözlərinə görə hazırda ümumi ovqat belədir ki, Ukrayna Kremllə danışıqlara can atmalıdır:

“Belə bir hissiyyat var ki, Ukrayna üçün oturub Rusiya ilə danışıqlar aparmaq vaxtıdır. Ukraynalıların Moskva ilə danışıqlardan nə isə əldə etməsinin çətinliyi çoxlarını maraqlandırmır”.

Buna görə də Zelenskinin sentyabrın 26-da Ağ Evdə keçirəcəyi görüşü həlledici adlandırmaq olar.

Avqustun əvvəllərində Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə uğurlu müdaxiləsi baş versə də, Rusiya qüvvələri Donetsk vilayətində irəliləməkdə davam edirlər.

Ukrayna rəsmiləri aylardır ki, Vaşinqtondan təkcə daha çox silah-sursat istəmirlər.

Putinin “qırmızı cızığı”ndan qorxu

Zelenskinin Ağ Evdə prezident Co Baydenlə görüşü zamanı ABŞ-ın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi üçün icazə istəyəcəyi gözlənilir.

Ukrayna son günlərdə Rusiyanın böyük silah anbarlarına və qırıcı təyyarələrinin aerodromlarına ağır zərbələr endirib.

Bu təyyarələr ağır bombardmanlar vasitəsilə Ukraynanın bütöv şəhərlərini yerlə yeksan edir, ölkənin enerji infrastrukturuna ağır zərbələr vurur.

Zelenski ötən həftə CNN-ə müsahibəsində demişdi ki, Rusiya Ukrayna ərazisinə belə ağır aviasiya bombalarından aya 4 minini atır.

Məhz bu səbəbdən Ukrayna komandanları Rusiya ərazisinin dərinliyindəki aerodromları vurmaq üçün silah və icazə istəyirlər.

Bayden administrasiyası indiyədək Kiyevə belə bir icazənin verilməsindən çəkinib. Rəsmilər hesab edirlər ki, bu, Rusiya prezidenti Vladimir Putinin qoyduğu “qırmızı cızığın” keçilməsi olardı və müharibənin şiddətini artırardı.

Ukrayna ABŞ-ın icazəsini ala biləcəkmi?

Alekseyev deyir ki, Ukrayna “əvəzə əvəz” müharibəsini uda bilməsə də, Rusiya ordusunun təchizat xətlərini cəbhədən uzaqlaşdıra bilərdi.

Estoniya hərbi kəşfiyyatının təxminlərinə görə Ukrayna ötən həftə Tver regionundakı silah anbarını dağıtmaqla Rusiya ordusunu 3 aylıq sursat ehtiyatından məhrum edib.

ABŞ-ı tənqid edənlər bunu da deyirlər ki, indiyədək Putinin çox sayda “qırmızı cızıqları” keçilib və buna heç bir cavab verilməyib.

Buna baxmayaraq Bayden ABŞ seçkisinə 6 həftə qaldığı bir vaxtda riskə getmək istəməyə bilər.

Trampın vitse-prezidentliyə namizədi CD Vens kimi bəzi respublikaçılar deyirlər ki, ABŞ Ukraynaya indikindən artıq yardım etməməlidir, çünki onlar onsuz da Rusiya ordusunu ölkələrindən çıxarmaq iqtidarında deyillər.

Hazırda Ukrayna mövzusu amerikalılar üçün əsas narahatedici məsələ olmasa da, rəy sorğuları onlardan bir çoxunun bu mövzudan yorulduğunu göstərir.

Zelenskinin “qələbə planı”

Zelenski Ağ Evdəki görüşündə həm də müharibəni bitirəcək “qələbə planını” təqdim etməlidir.

Bu planın indilik çox az detalları məlumdur, lakin Zelenski administrasiyasının rəsmiləri inanırlar ki, bu plan Qərbin dəstəyi ilə realist və əlçatımlı plan ola bilər.

Məqalədə deyilir ki, ABŞ-ın Ağ Evə və Konqressə kimin nəzarət edəcəyindən asılı olmayaraq Ukraynaya yardımlarının azalacağı gözlənilir. Bu məsələ qarşıdan gələn seçkidə hansı partiyanın qalib olacağından asılıdır.

Demokratlar şübhəsiz ki, Ukrayna üçün daha çox yardımı dəstəkləyəcəklər. Namizəd Kamala Harris Ukraynanın bu müharibədə qalib olmasını istədiyini deyib.

Bu sualdan adətən yayınmağa çalışan Tramp isə deyib ki, o müharibənin bitməsini istəyir. Tramp buna necə nail ola biləcəyini izah etmir.

Zelenskinin Pensilvaniyadakı Skranton Sursat Zavoduna səfərindən bir məqsəd də Ukraynaya yardımın yeni iş yerləri yarada biləcəyini göstərmək idi.

Bu məqam hər iki namizəd üçün çox mühümdür.

XS
SM
MD
LG