Ukrayna prezidenti Volodimir Zelenski mayın 16-da Xarkov şəhərində ali baş qərargahın iclasını keçirib.
Bu iclas Rusiya ordusunun Xarkov vilayətində irəliləməsi fonunda keçirilib.
Hazırda döyüşlər Liptsı yaşayış məntəqəsindən şimalda gedir. Bura Xarkov şəhərinin 20 kilometrliyindədir.
Bu da xəbər verilir ki, vilayətin Volçansk şəhərində, Rusiya sərhədinin yaxınlığında küçə döyüşləri gedir.
Zelenskinin verdiyi məlumatda deyilir ki, o iclas vaxtı Ukrayna silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırskinin və istiqamətlər üzrə komandanların məruzələrini dinləyib.
Prezident bu barədə özünün teleqram kanalında yazır:
"Bugünə olan məlumata görə Xarkov vilayətində ümumilikdə vəziyyət nəzarət altındadır, lakin bu istiqamət fövqəladə dərəcədə mürəkkəb olaraq qalır. Birləşmələrimizi gücləndiririk”.
Volçansk şəhərində vəziyyət
Ukrayna silahlı qüvvələri baş qərargahının mayın 16-sına olan məlumatında deyilir ki, Rusiya ordusunun “Volçansk şəhərinin tikililər olan hissəsinə maksimum sirayət etmək planları pozulub”.
Məlumata görə döyüşlər şəhərin şimal tərəfində davam edir.
Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib ki, Rusiya hərbçiləri Volçanskın şimalında dinc vətəndaşları əsir götürürlər. İddia olunur ki, yerli sakinlərdən biri qaçmağa cəhd göstərərkən rusiyalılar tərəfindən güllələnib.
Bununla belə Klimenko deyib ki, polis əməkdaşları Volçansk şəhərində xidmətlərini davam etdirir, sakinlərin təxliyəsinə kömək edirlər.
Rusiyanın hərbi teleqram kanallarında dərc edilən videolarda Rusiya əsgərlərinin “Volçansk” şəhər nişanının yanında olduqları görünür.
Bu videoların harada və nə vaxt çəkildiyi məlum deyil.
Hücumun miqyas və məqsədi hələ ki məlum deyil
Ukraynanın Deep State layihəsinin xəritəsində Rusiya hərbçilərinin şəhərin şimal hissəsinə, ukraynalıların isə cənub hissəyə nəzarət etdikləri məlum olur.
Müharibə şəraitində tərəflərin bəyanatlarını müstəqil şəkildə təsdiqləmək və ya təkzib etmək mümkün deyil.
Xarkov vilayətində Volçansk şəhərinin və digər ərazilərin atəşə tutulmasına mayın 10-dan başlanıb.
Elə həmin gün rusiyalılar Rusiya sərhədini keçərək Ukrayna ərazisinin həmsərhəd kəndlərində mövqelərini möhkəmlətməyə cəhd göstəriblər.
Hazırda Rusiya ordusu hücumu iki istiqamətdə - Liptsı (Xarkov şəhəri) və Volçansk istiqamətlərində davam etdirir.
Bu hücumun miqyas və məqsədi hələ ki məlum deyil.
ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun ekspertləri bildirirlər ki, ehtimalən söhbət Xarkovun alınması cəhdindən yox, Belqorod vilayəti ilə Ukrayna arasında bufer zonasının yaradılması cəhdlərindən gedir.
Ukraynanın raket və dron zərbələri
Bu arada “Ukrainskaya Pravda” qəzeti Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadla mayın 16-da Ukrayna dronlarının Rusiyanın Tula şəhərindəki hərbi zavoduna zərbələr endirdiyini yazır.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Tula vilayəti üzərində iki dronun vurulduğunu bildirmişdi.
ASTRA saytının məlumatına görə mayın 15-də gecə Ukraynanın dron zərbələri ilə Krımda iki qırıcı və hava hücumundan müdafiə kompleksi məhv edilib.
Sayt öz mənbələrinə istinadla bildirir ki, mayın 15-də gecə Krımdakı Belbek hərbi aerodromunda Rusiyaya məxsus iki MiG-31 qırıcısı və bir S-400 kompleksi sıradan çıxarılıb. Bu zaman iki Rusiya hərbçisinin həlak olduğu deyilir. Belbek aerodromunda habelə yanacaq çəninin partladıldığı xəbər verilir.
Partlayışlar barədə Krımdakı Sevastopol, Simferopol, Cankoy və Qvardeysk şəhərlərinin sakinləri xəbər veriblər.
Bu məlumatları müstəqil şəkildə təsdiqləmək və ya təkzib etmək mümkün deyil.