Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona dəvətə görə ABŞ prezidenti Donald Trump-a təşəkkür bildirib.
O, həmçinin Ukraynaya dəstəyin artırılması il bağlı qanun layihəsi hazırladıqlarına görə Konqres üzvlərinə təşəkkür bildirib.
“Ukraynanın ərazi bütövlüyünə davamlı dəstəyə görə ABŞ-a təşəkkür edirəm”, Zelenski bildirib.
Ukraynanın “Zerkalo nedeli” qəzetinin yazdığına görə, Trump yeni Ukryana prezidenti Vladimir Zelenskini Vaşinqtona rəsmi səfərə dəvət edib.
Mənbələrin məlumatına görə, ABŞ prezidenti Zelenski ilə Donbas münaqişəsinin həlli yollarını və iki ölkə arasındakı biznes layihələrini müzakirə etmək fikrindədir.
Səfərin vaxtı hələ ki, bəlli deyil, amma mənbə yazır ki, bu görüş, ABŞ və Rusiya liderlərinin iyunda Yaponiyada gözlənən görüşündən az sonra baş tuta bilər.
Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəklə bağlı qanun layihəsini Konqresin demokrat və respublikaçı üzvləri hazırlayıblr. ABŞ-dakı Ukrayna səfirliyinin məlumatına görə, sənəddə başqa məsələlərlə yanaşı, Ukraynaya NATO-dan kənar ABŞ-ın “əsas hərbi-siyasi müttəfiqi” statusu verilməsi nəzərdə tutulur. Belə statusa NATO-ya daxil olmayan 15 ölkə malikdir.
Bundan başqa sənəddə Ukraynaya silah satışı və silah verilməsi də nəzərdə tutulur.
Bura tank və gəmi əleyhinə silahlar, habelə hava hücumlarından müdafiə sistemləri daxildir.
Həmçinin ABŞ kiberhücumların qarşısının alınmasında Ukraynaya kömək edəcək.
Sənədin siyasi tərəfinə gəldikdə isə, orda Krımın Rusiya tərəfindən ilhaqı qəbul edilmir və münaqişənin Minsk razılaşması çərçivəsində həlli nəzərdə tutulur.