Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Zelenski Kremlin yeni səfərbərlik hazırlığı barədə xəbərdarlıq edir

Volodimir Zelenski
Volodimir Zelenski

Rusiyanın reaktiv mühərrikli dronlarla hücumları nəticəsində Ukraynada ölənlərin sayı artır. Ukrayna prezidenti Volodimir Zelenski isə Kremlin ölkə daxilində yeni səfərbərliyə hazırlaşdığını bildirib. O, həmçinin Şimali Koreyadan Rusiyaya daha 10 min hərbçinin göndəriləcəyini iddia edib.

Zelenskinin bu çıxışından sonra, sentyabrın 29-u səhər tezdən Ukrayna paytaxtındakı jurnalistlər raket hücumu xəbərdarlığı zamanı güclü partlayış səsləri eşitdiklərini bildiriblər.

Bir gün əvvəl Kiyevin mərkəzində Milli Elmlər Akademiyasının binasına dron düşməsi nəticəsində azı iki nəfər həlak olub. Son vaxtlar Ukraynaya hücumlarda tez-tez yeni reaktiv mühərrikli dronlardan istifadə olunur.

Zelenski bildirib ki, gün ərzində ölkə üzrə Rusiya dronlarının zərbələri nəticəsində azı doqquz nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Prezident axşam videomüraciətində Ukrayna ordusunun yüksək sürətlə uçan reaktiv mühərrikli Rusiya dronlarına qarşı mübarizədə çətinlik çəkdiyini etiraf edib. Onun sözlərinə görə, bu növ dronların vurulma göstəricisi 60 faizdən bir qədər aşağıdır. Zelenski bildirib ki, Ukraynaya atılan 120 drondan 90-ı pərli deyil, məhz reaktiv mühərrikli olub.

"Hazırda yeni antidron vasitələri fəal şəkildə sınaqdan keçirilir", – o deyib.

Prezident bəzi döyüş qruplarının artıq bu vasitələrdən istifadə etdiyini, istehsalçıları tələsdirdiklərini vurğulayıb.

Zelenski Hərbi Kəşfiyyat İdarəsinin (QUR) hesabatına əsaslanaraq, Rusiyanın yeni səfərbərlik dalğasına başladığını bildirib.

"Onlar müxtəlif üsullarla orduya cəlb etdikləri insanların sayını artırırlar. Rusiyanın öz ordusuna adam topladığı ölkələrin hökumətləri buna qarşı tədbir görməlidir", – Zelenski vurğulayıb.

Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşərək həlak olmuş Şimali Koreya hərbçilərinin Pxenyandakı Memorial Muzeyi.
Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşərək həlak olmuş Şimali Koreya hərbçilərinin Pxenyandakı Memorial Muzeyi.

Zelenski: Hazırlıq gedir

Zelenski deyib ki, Kremlin 2024-cü ildə Şimali Koreyadan gətirdiyi hərbçilərindən təxminən 8 mini hələ də Rusiya ərazisindədir. Həmin qüvvələr Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olan zaman gətirilmişdi. Zelenskinin sözlərinə görə, indi daha 10 min hərbçinin göndərilməsi üçün hazırlıq gedir.

Rusiya prezidenti Vladimir Putin yeni səfərbərlik barədə xəbərləri "tamamilə cəfəngiyat" adlandırıb. Buna baxmayaraq, o, sentyabrın 28-də ordunun hərbi qulluqçularının sayını 15 min 500 nəfər artıran fərman imzalayıb. Bu, Putinin cari ildə ordu heyətinin artırılması ilə bağlı imzaladığı sayca dördüncü fərmandır.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayı 1 milyon 550 min 500-ü hərbçi olmaqla, ümumilikdə 2 milyon 441 min 630 ştat vahidi müəyyən edilsin", – fərmanda deyilir. Artımın səbəbi açıqlanmır.

Putin sonuncu dəfə 2022-ci ildə qismən səfərbərlik elan etmişdi. Belə bir addımın təkrarlanmasının Rusiya cəmiyyətində ciddi narazılıq doğuracağı ehtimalı yüksəkdir.

Çətin islahatlar

Ukraynanın baş naziri Sergiy Koretski ölkənin maliyyə vəziyyətinin çətin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, islahatların ləng getməsi Qərb tərəfdaşlarının maliyyə yardımlarını gecikdirməsinə səbəb olub.

"Planlaşdırılan beynəlxalq maliyyə dəstəyinin bir hissəsi hələ daxil olmayıb. Bunun səbəblərindən biri Ukraynanın beynəlxalq tərəfdaşlar qarşısında götürdüyü bəzi öhdəlikləri vaxtında yerinə yetirə bilməməsidir", – o deyib.

Koretski ukraynalı deputatları təxirəsalınmaz və çətin islahatları qəbul etməyə çağırıb. Bu islahatlara xaricdən göndərilən poçt bağlamalarının vergiyə cəlb edilməsi və vergi sisteminin hərtərəfli yenidən qurulması daxildir.

Zelenski sentyabrın 28-də Koretski və digər rəsmilərlə keçirdiyi görüşdə yaxın həftələrdə tərəfdaşlarla işin əsas prioritetlərini müzakirə etdiyini bildirib.

​
XS
SM
MD
LG