Ukrayna prezidenti Volodimir Zelenski Niderlanda səfəri çərçivəsində Haaqa məhkəməsi kimi tanınan Beynəlxalq Cinayət Məhkəməsində (BCM) olub.
Bu məhkəmə Ukraynada törədildiyi iddia olunan hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Zelenski Haaqa məhkəməsində çıxış edərkən yarızarafat deyib:
"Biz hamımız burda, Haaqada başqa Vladimiri görmək istərdik…”
O deyib ki, “ədalət olmadan sülh mümkün deyil”.
"Biz qalib gələcəyik!"
Zelenskinin sözlərinə görə Rusiya prezidenti öz “cinayətkar əməlləri” üçün mühakimə olunmağa layiqdir:
“Mən əminəm ki, biz qələbə çalanda bunu görəcəyik. Biz qalib gələcəyik”.
Ukrayna prezidenti öz çıxışında habelə 2014-cü ildə Donbas üzərində vurulmuş Malayziya sərnişin təyyarəsinin məsələsinə toxunub.
Bu təyyarədə həlak olanların əksəriyyəti Niderland vətəndaşları idi.
Niderland məhkəməsi Boeing təyyarəsinin Rusiyanın “Buk” qurğusundan vurulduğunun isbat olunduğu qərarına gəlib.
Zelenski “hibrid tribunal” ideyasını tənqid edib
Zelenski çıxışında habelə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar “hibrid tribunalın” yaradılması ideyasını tənqid edib.
Onun fikrincə, təcavüz cinayətinin mühakimə olunması üçün tam beynəlxalq tribunalın qurulması zəruridir:
"Təcavüzkar müharibəyə başlamaq başqa cinayətlərdən onunla fərqlənir ki, onda başqa cinayətlərin şəri ehtiva edir. Biz Nürnberq prosesinin təcrübəsini transformasiya etməliyik”.
Bir sıra Qərb ölkələrinin nəzərdən keçirdiyi “hibrid tribunal” ideyası Rusiyanın Ukraynada iddia olunan hərbi cinayətlərinə beynəlxalq məhkəmədə, amma Ukrayna yurisdiksiyası ilə baxılmasını nəzərdə tutur.
Zelenski bundan əvvəl Helsinkiyə səfər edərək orada Şimali Avropa-Ukrayna sammitində iştirak edib.
Sammitin iştirakçıları Ukraynanın NATO üzvü olmaq istəyini dəstəklədiklərini bildiriblər.
Moskva Putinin və Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order vermiş BCM-in yurisdiksiyasını tanımır.