ABŞ prezidenti Co Bayden (Joe Biden) ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə iki ölkənin ittifaqını gücləndirməyə çalışıblar. Bu arada Bayden müxalif respublikaçıları Kiyevə Rusiya işğalına qarşı müharibədə yardımı artırmağa inandırmağa çalışır.
Bayden Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Rusiya Ukraynanı xəritədən silə bilməyib. O, Kiyevin Moskvanın tam miqyaslı işğalına qarşı dirənişinin artıq "qələbə" olduğunu deyib.
NATO-ya üzvlük
Bayden Konqresi Ukraynaya milyardlarla dollarlıq əlavə yardımı nəzərdə tutan büdcə layihəsini qəbul etməyə çağırıb.
Ukraynanın NATO-ya potensial üzvlüyü ilə bağlı suala cavabında Bayden deyib ki, "NATO Ukraynanın gələcəyində olacaq, bununla bağlı sual yoxdur". Ancaq onu da əlavə edib ki, Kiyev hərbi alyansa düzgün vaxtda, bütün ölkələr buna razılaşanda qoşulacaq.
Zelenskinin dediyinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəsində hər hansı qələbə qazanmayıb, "işğal başlayandan Rusiyanın ələ keçirdiyi ərazinin 50 faizini azad etmişik".
Zelenskinin sözlərinə görə, Ukraynanın hər hansı ərazini güzəştə getməsini tələb edəcək istənilən sülh sazişi "anormaldır".
106 milyard dollarlıq paket qəbul olunacaqmı
Bayden bundan öncə Zelenskiyə deyib ki, ABŞ Konqresi Kiyevə əlavə hərbi yardımı təsdiqləməsə, Putinə "Milad hədiyyəsi" təqdim etmiş olacaq.
Zelenski dekabrın 5-də ABŞ senatorları qarşısında videomüraciətini təxirə salıb. Buna Baydenin Ukrayna və İsraildəki müharibələrə 106 milyard dollarlıq yardım xahişi ətrafında qızğın müzakirələr səbəb olub.
Bayden administrasiyası Konqresin bu yardım paketini oktyabrda qəbul etməsini istəsə də, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası onu rədd edib, layihədə immiqrasiya islahatlarının olmamasını əsas gətirib.
Zelenski Baydenlə görüşüb
ABŞ prezidenti Co Bayden dekabrın 12-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib.
Bu görüşün diqqət mərkəzində Ukraynanın Rusiya təcavüzünə qarşı genişmiqyaslı mübarizəsi və Kiyevə Vaşinqton tərəfindən göstəriləcək yardımlardır.
ABŞ-da səfərdə olan Zelenski dekabrın 12-də senatorlar qarşısında çıxış edərək onları Ukraynaya hərbi yardımların davam etdirilməsinə çağırıb.
Zelenskini sürəkli alqışlarla qarşılayıblar
Bu da xəbər verilir ki, Ukrayna prezidenti ABŞ millət vəlikilləri ilə qapalı görüşə Senatdakı demokrat çoxluğun lideri Çak Şumerin və respublikaçı azlığın başçısı Miç Makkonnelin müşayiəti ilə gəlmişdi.
Senatorlar Zelenskini sürəkli alqışlarla qarşılayıblar.
Senatın Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Zelenski ilə görüşdən sonra deyib ki, senatorlarla təmaslar Ukraynaya yardımın davam etdirilməsinin mühümlüyünü bir daha nümayiş etdirib.
Uorner vurğulayıb ki, ABŞ Ukrayna qarşısında öhdəliklərinə əməl etməlidir.
O xüsusilə qeyd edib ki, Ukraynaya yardım paketinin bu ilin sonunadək qəbul olunması vacibdir.
Günün ikinci yarısında Bayden və Zelenskinin mətbuat konfransı planlaşdırılıb.
Razılaşma əldə olunacaqmı?
Ötən həftə respublikaçı senatorlar Ağ Evin Ukraynaya və İsrailə fövqəladə yardım üçün 106 milyard dollarlıq sorğusunu bloklayıblar.
Bayden administrasiyası dekabrın 4-də bəyan etmişdi ki, ilin sonunadək hökumətin Ukraynaya yardım göstərmək üçün vəsaiti qalmayacaq.
Mühafizəkar millət vəkilləri isə deyirlər ki, Ağ Ev geniş antimiqrasiya tədbirlərinə razılaşmazsa onlar Ukraynaya yardım paketinə səs verməyəcəklər.
ABŞ mediasının xəbərlərinə görə nüfuzlu respublikaçı senator Ceyms Lenkford deyib ki, o bu həftə ərzində Ukraynaya yardımla bağlı razılaşma əldə olunacağına inanmır.
Dekabrın 12-də Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Ukraynaya maliyyə yardımının dayandırılması Kiyevin cəbhədə qazandığı uğurları heçə endirə bilər.
Ötən həftə Reuters-Ipsos-un keçirdiyi rəy sorğusunun nəticəsinə görə amerikalıların 41 faizi Ukraynaya yardımın leyhinə, 32 faizi əleyhinədir.