Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 11:10

‘Pambıq işi’ üzrə daha üç vəzifəli şəxs ev məhbusluğuna buraxılıb


İmişli rayon məhkəməsi

2018-ci ilin iyununda pambıq tarlalarında çalışan işçilərin kütləvi zəhərlənməsi faktları üzrə açılmış cinayət işində təqsirləndirilən daha 3 vəzifəli şəxs hakim önünə çıxarılıb. Onlar da elə ilk prosesdə həbsdən azad edilib.

Avqustun 21-də İmişli Rayon Məhkəməsində “MKT İK” MMC-nin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev, baş aqronom Surxay Məmmədov və bu rayonun Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovun təqsirləndirilməsinə dair cinayət işinin araşdırmasına başlayıb.

Onlar Cinayət Məcəlləsinin 222.1-ci (təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə itttiham olunurlar.

Yerli sakinlərin Azadlıq Radiosuna bildirməsinə görə, hazırlıq iclasında qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təqsirləndirilən tərəfin vəsatətinə baxılıb. Hakim vəsatəti təmin edərək, hər üç şəxsin həbsini “ev dustaqlığı” ilə əvəz edib. Bu barədə deyilənləri İmişli Rayon Məhkəməsindən də təsdiqləyiblər.

Beləliklə, zəhərlənmə hadisəsinə görə təqsirləndirilərək həbs edilən 10 nəfər vəzifəli şəxsin 6-sı evə buraxılıb.

Ötən həftə, avqustun 17-də bu işlə bağlı daha bir 3 nəfərlik qrupun Saatlı Rayon Məhkəməsində məhkəmə istintaqı başlamışdı.

Söhbət MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev və həmin rayonun Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbovun işindən gedirdi. Onların da eyni qaydada buraxıldığı açıqlanmışdı.

Daha 4 nəfərin, “CTS Agro” MMC-nin Tərtər pambıq məntəqəsinin direktoru Fəqani Babışovun, baş aqronomu Elxan Quliyevin, köməkçi aqronom Habil Quliyevin və həmin rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimovun işinə isə hələ baxılacağı gözlənir. Onların işinə isə Tərtər Rayon Məhkəməsində baxılmalıdır.

Verilən məlumata görə, Ağır Cinayətlərə dair İstintaq idarəsində açılmış cinayət işindən onlarla bağlı hissə də ayrılaraq ayrıca cinayət işi kimi yerli məhkəməyə göndərilib.

Tərtər Rayon Məhkəməsindən bildiriblər ki, bu işə də yaxın günlərdə baxılacaq: “Cinayət işinin materialları bizə göndərilib. Amma təqsirləndirilən şəxslər hələ rayona etap olunmayıb.”, deyə məhkəmədən bildiriblər.

XATIRLATMA

2018-ci ilin iyununda Saatlı, Tərtər, İmişli və başqa rayonların pambıq tarlalarında alaq otlarını təmizləyən işçilər kütləvi olaraq zəhərləniblər.

İlk belə hadisə iyunun 10-da Saatlı rayonunun Smadakənd kəndində baş verib.

Faktla bağlı iyunun 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

İşdə söhbət Cinayət Məcəlləsinin 249.2-ci (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələrindən gedib.

Verilən məlumata görə, xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlama işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozmaqla bağlı ümumilikdə 10 nəfər vəzifəli şəxs təqsirləndirilib.

Lakin onların əməlinin Cinayət Məcəlləsinin 222.1 və 308.1-ci maddələrinə tövsif edildiyi deyilir. Həbs edilən həmin 10 nəfərlə bağlı işlərin 3 qrup halında, ayrı-ayrılıqda Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərildiyi bildirilirdi.

XS
SM
MD
LG