Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 09:19

Zaxarova: ‘Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərindən çıxarılması məqsədəuyğun deyil’


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 11-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə regionda situasiya “tamamilə aydınlaşanadək” Rusiya sərhədçiləri oradan çıxarıla bilməz.

Mariya Zaxarova bu bəyanatı Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın dediklərini şərh edərkən verib.

Simonyan demişdi ki, Ermənistan hökuməti Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalmasının məqsədəuyğunluğu barədə düşünməlidir.

Zaxarova bu bəyanat barədə suala cavab verərkən deyib:

"Görünür, Alen Robertoviç Nikol Paşinyanın mətbuat konfransını diqqətlə izləməyib. Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində yerləşdirilməsinə dair razılaşma 1992-ci ildə qeyri-müəyyən müddətə imzalanıb. Rusiya sərhədçiləri orada olmalarının mühümlüyünü dəfələrlə isbat ediblər”.

Zaxarova yenə də “qonşu məsələsini” qabardır

Zaxarova deyib ki, Ermənistanın qonşuları ilə münasibətləri sabit deyil və təhlükəsizlik barədə düşünməkdə fayda var:

"Bu məsələdə ekspert olmayanlar yumşaq divanda oturub öz fikirlərini ifadə edə bilərlər, amma belə məsələlərdə Ermənistanın sərhədlərini mühafizə etmək üçün həyatlarını təhlükədə qoyanları dinləmək daha düzgün olardı”.

Bundan əvvəl avqustun 1-də Yerevanın Zvartnots beynəlxalq hava limanındakı Rusiya sərhədçiləri oranı tərk ediblər. Bunu baş nazir Nikol Paşinyan və onun hökuməti tələb etmişdi.

Bir sıra vəzifəli Rusiya millət vəkilləri Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılmasını sərt tənqid etmişdilər.

Onlar iddia edirdilər ki, bu, yalnız başlanğıcdır və Ermənistan nəticədə bütün Rusiya qoşunlarının onun ərazisindən çıxarılmasını tələb edəcək.

Paşinyan o vaxt hökumətin indilik belə bir niyyətinin olmadığını demişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG