Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 07:52

Mariya Zaxarova: 'Sərhəddəki vəziyyət Dağlıq Qarabağla bağlı deyil'


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Zaxarova bildirib ki, Rusiya iki ölkənin sərhədində yaranmış vəziyyətin Dağlıq Qarabağ tənzimləməsi ilə birbaşa bağlı olduğunu hesab etmir

Rusiya Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, daha sonra isə demarkasiyası işinə başlanmasına məşvərətçi dəstək verməyə hazırdır.

Bu bəyanatı iyulun 9-da Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi brifinq zamanı nazirliyin sözçüsü Mariya Zaxarova verib:

"Biz dəfələrlə vurğulamışıq ki, bu problemin dayanıqlı və uzunmüddətli həllini Azərbaycan və Ermənistan arasında sərhədin ən tez bir zamanda delimitasiyası, daha sonra isə demarkasiyası işinə başlanmasında görürük. Biz bu işdə zəruri məsləhətçi dəstəyimizi verə bilərik və hazırda bu barədə xarici işlər və müdafiə nazirlikləri, habelə sərhəd xidmətləri ilə o cümlədən gərginliyin azaldılması üçün təmaslar davam edir”.

Zaxarova bildirib ki, Rusiya iki ölkənin sərhədində yaranmış vəziyyətin Dağlıq Qarabağ tənzimləməsi ilə birbaşa bağlı olduğunu hesab etmir:

“Biz ondan çıxış edirik ki, Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrindəki situasiya birbaşa Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı deyil və sərhədin beynəlxalq hüquqi tərtibatının olmamasının nəticəsidir. Əlbəttə ki, ümumi fon tərəflər arasında qarşılıqlı etimadın olmamasını dərinləşdirir”.

Rusiya XİN-in sözçüsü Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması iddiaları ilə bağlı suala qısa cavab verib:

“Biz bu mövzu barədə kifayət qədər şərh vermişik. Mənim bizim mövqeyimiz barədə əlavə sözüm yoxdur. Bundan başqa bu mövzunu Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğölu ilə iyunun 30-da Antalyada keçirilmiş görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov təfsilatlı şəkildə şərh edib. Bizim mövqeyimiz dəqiq ifadə olunub. Buna heç nə əlavə edə bilmərəm”.

Əsirlər və minaların xəritəsi məsələsi açıq qalır

Mariya Zaxarova habelə xatırladıb ki, Dağlıq Qarabağ tənzimləməsi iyulun 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan arasında detallı şəkildə müzakirə olunub:

“Bu görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb”.

Zaxarova deyib ki, Rusiya Dağlıq Qarabağda normal həyatın qaydaya salınmasına öz töhfəsini verməyə hazırdır. Sözçü habelə bu yaxınlarda Azərbaycan tərəfinin daha 15 əsiri qaytarmasını yada salıb:

“Buna baxmayaraq bu məsələni, o cümlədən Bakı üçün prioritet olan minalı sahələrin xəritəsi məsələsini tam həll etmək mümkün olmayıb. Rusiyanın bu məsələdki mövqeyi hamıya yaxşı bəllidir – biz bu məsələlərin tez bir zamanda heç bir qeyd-şərt və qarşılıqlı tələb qoymadan həllinə tərəfdarıq”.

Kəlbəcərdəki məbəddə 7 erməni ruhanisi yaşayır: 'Ətrafda yüzlərlə Azərbaycan əsgəri var'
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG