Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Rusiya Cənubi Qafqazda 3+3 formulunun tezliklə işə salınmasını istəyir


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva bu formatı dəstəkləyir, lakin ABŞ başda olmaqla bir sıra Qərb ölkələri bu prosesə mane olmaq istəyir

Rusiya Cənubi Qafqaz üzrə 3+3 məşvərət mexanizminin tezliklə işə salınmasını istəyir.

Türkiyə və Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülmüş 3+3 formulu və ya altılı platforma Cənubi Qafqazda regional problemlərin həllində Azərbaycan, Ermənistan, Gürcüstan, habelə Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 21-də keçirdiyi brifinqdə deyib ki, Moskva bu formatı dəstəkləyir, lakin ABŞ başda olmaqla bir sıra Qərb ölkələri bu prosesə mane olmaq istəyir:

“Biz 3+3 regional məşvərətçi mexanizminin onun bütün iştirakçılarının marağında olaraq tezliklə işə salınmasının tərəfdarıyıq. Amma biz bəzi Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın bir sıra proseslərə mane olmaq, belə bir təşəbbüsə pəl qoymaq cəhdlərini görürük”.

Zaxarova ABŞ-ı ittiham edir

Mariya Zaxarova habelə bu məsələdə Amerika tərəfinin, bu təşəbbüsün guya Moskvadan gəldiyini birlirməklə, prosesə mane olmaq üçün dezinformasiyaya əl atdığını bildirib.

Zaxarova xatırladıb ki, 3+3 formulu Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif olunub:

“Bildiyiniz kimi Rusiya bu təşəbbüsü dəstəkləyib. Biz bundan çıxış edirik ki, çoxtərəfli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formata iştirakçı olacaq ölkələrin hamısının maraqlarına xidmət edir. Bizim nəzərimizcə bu mexanizmin işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəlməsinə, mövcud ziddiyyətlərin çözülməsinə və regionun iqtisadi, nəqliyyat və humanitar potensialının açılmasına kömək edərdi”.

ABŞ nə demişdi?

Bu həftənin əvvəllərində Gürcüsrtanda səfərdə olan ABŞ müdafiə naziri Lloyd Ostin Cənubi Qafqazda 3+3 formuluna Vaşinqtonun münasibəti barədə suala cavab vermişdi.

Ostin Tbilisidə keçirilən mətbuat konfransında demişdi:

“Gürcüstan ərazisinin 20 faizinə nəzarət edən Rusiya hər hansı platformadan danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasına riayət etməlidir”.

Lakin ABŞ müdafiə naziri əlavə etmişdi:

“Biz, əlbəttə, Cənubi Qafqaz ölkələrini mübahisələrin çözülməsi və regional əməkdaşlığın gücləndirilməsi üçün birgə işləməyə çağırırıq”.

Gürcüstan 6-lı platforma təşəbbüsünə maraq ifadə etməsə də, Tbilisi bildirib ki, Gürcüstan Azərbaycan və Ermənsitan üçün platforma olmağa hazırdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG