Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Putin Ukraynada separatçı liderin ölümü ilə bağlı bəyanat verir


Ukraine - Alexander Zakharchenko, head of the Donetsk People's Republic (DPR), speaks during a press conference, Donetsk, February 23, 2015
Ukraine - Alexander Zakharchenko, head of the Donetsk People's Republic (DPR), speaks during a press conference, Donetsk, February 23, 2015

Avqustun 31-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində separatçı lider Aleksandr Zakharchenko-nun öldürülməsini regiondakı kövrək sülhün pozulmasına yönəlmiş “alçaq” hərəkət adlandırıb.

Lakin Putin Kreml tərəfindən açıqlanmış bəyanatında qətllə bağlı olaraq Ukraynanın adını çəkmir:

"Aleksandr Zakharchenko-nun alçaqcasına qətli daha bir sübutdur: terror, zorakılıq, təhdid yolunu seçənlər sülh axtarmaq, münaqişəyə siyasi həll tapmaq, cənub-şərqin sakinləri ilə real dialoqistəmirlər. Onlar Donbas xalqını diz çökdürmək üçün vəziyyətin stabilsizləşdirilməsi kimi təhlükəli yol tutublar. Bu heç vaxt alınmayacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova isə ittihamda daha konkret olub. O deyib ki, bu qətlin arxasında Kiyev rejiminin durduğunu söyləmək üçün bütün əsaslar var. Onun sözlərinə görə Kiyev əvvəllər də belə metodlarla fəqrli düşünənləri və işinə yaramayanları ləğv edib.

Bu da xəbər verilir ki, Rusiyanın İstintaq Komitəsi Rusiya Federasiyası CM-nin 361-ci (insan ölümü ilə nəticələnmiş beynəlxalq terror aktı) maddəsi ilə cinayət işi qaldırıb.

Separatçılarla Moskva arasında çəkimə

Lakin Ukraynanın xüsusi xidməti – SBU bildirib ki, bu hücum “terrorçularla onların rusiyalı sponsorları” arasında gedən münaqişənin nəticəsində baş verib.

AzadlıqRadiosu yazır ki, Ukraynada separatçı hərəkatın daxilində həqiqətən də zorakı çəkişmələr yer alır. İndiyədək separatçı liderlərdən bir çoxu yoldaşlarının hədələri ilə bölgəni tərk ediblər.

2017-ci ilin fevralında separatçı komandirlərdən Givi ləqəbli Mikhail Tolstykh ofisində törədilmiş partlayışda həlak olub.

Başqa bir separatçı komandir – Motorola ləqəbli Arseny Pavlov 2016-cı ilin oktyabrında yaşadığı binanın liftində partladılıb.

2015-ci ilin 1 yanvarında Luhanskdakı komandanlardan Aleksandr Bednov yerli separatçı hakimiyyətin onu həbs etməsinə müqavimət göstərərkən öldürülüb. Onu qiyamçıların əlində olan binanın zirzəmisində dustaqlara işgəncə verməkdə ittiham edirdilər.

Aleksandr Bednov
Aleksandr Bednov

Moskva Ukraynanın şərqindəki separatçı münaqişə ilə hər hansı əlaqəsini danır, lakin Kiyev və NATO münaqişədə Rusiyanın iştirakını isbat edən dəlillərin olduğunu deyirlər.

Separatçı Donbasda bundan əvvəl elan edilmiş bir neçə atəşkəs davamlı olmayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Krımın ilhaqına və Ukraynanın şərqindəki münaqişəni qızışdırdığına görə Moskvanın üzərinə sanksiyalar elan edib.

Bir vaxtlar kömür şaxtasında elektrik işləyən Zakharchenko 1976-cı ildə Donetskdə doğulmuşdu. O 2014-cü ilin noyabrından bəri qondarma “Donetsk Xalq Respublikasının” başçısı idi.

Fəaliyyətinin bir mərhələsində Zakharchenko bütün Ukraynanı əhatə edən və paytaxtı Donetskdə olacaq Malorossiya (Kiçik Rusiya) yaratmaq planlarını edlan etmişdi.

Lakin o bu plandan 2017-ci ilin avqustunda əl çəkdiyini bildirdi. Zakharchenko demişdi ki, bu plan bir çoxları tərəfindən rədd edilirdi. Kreml bu ideyaya dəstək verməmişdi, Ukrayna isə onu lağa qoyurdu.

Ukraynada separatçıların lideri öldürülüb

Bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, Ukraynadakı moskvayönlü separatçıların lideri Aleksandr Zakharchenko-nun Donetskdəki kafelərdən birində baş vermiş partlayışda öldüyü xəbər verilir. Xəbəri Rusiyanın TASS və Interfax agentlikləri yayıblar.

Separatçı mənbə Interfax agentliyinə bildirib ki, Zakharchenko avqustun 31-də Donetsk şəhərindəki Separ (Separatist) adlı kafedə baş vermiş partlayışda ölümcül yaralar alıb:

"İlkin məlumatlara əsasən təəssüf ki, xəbər doğrudur. Təəssüf ki, Zakharchenko həlak olub”.

Rusiya telekanalları hadisə ilə bağlı həbs edilənlərin olduğunu bildirirlər. Rossiya 24 onları "ukrayna diversantları" adlandırır.

Donetskdəki "Separ" kafesi
Donetskdəki "Separ" kafesi

Bu da xəbər verilir ki, partlayış vaxtı başqa bir separatçı lider - Aleksandr Timofeyev ağır yaralanıb.

AFP xəbər verir ki, partlayışın baş verdiyi ərazi polis tərəfindən bağlanıb.

Yerli rəsmilər bildirirlər ki, nəqliyyatın Donetskdən çıxış-girişinə qadağan qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG