Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:51

FHN polkovniki yayılan görüntülərlə bağlı cinayət işinin geri qaytarılmasını istəyir


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyev dekabrın 14-də məhkəmə qarşısına çıxarılıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

43-yaşlı Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

İstintaqdan narazıdır

Dörd aydır həbsdə olan Mirzəyev onunla bağlı aparılan istintaqdan narazı qalıb. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Vəkili məhkəmədə vəsatət qaldırıb ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmayıb.

Polkovnikin vəkili deyib ki, əgər məhkəmə bu işə baxacaqsa, o halda, proses qapalı keçirilsin. Çünki bu işdə şəxsi həyata aid məqamlar var.

Amma zərərçəkmiş qismində tanınan qadınlardan birinin nümayəndəsi bunun əleyhinə çıxıb. Vəkil Yasər Abdullayev deyir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra nümayəndəsi olduğu şəxs haqqında ictimaiyyət arasında mənfi fikirlər formalaşıb. Ona görə məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirlər.

Lakin Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, bu cinayət işinə qapalı şəkildə baxılmalıdır.

FHN polkovnikinin işi üzrə məhkəmə istintaqı dekabrın 21-də başlayacaq.

Xatırlatma

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-in 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Mirzəyev məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. O, video çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.

XS
SM
MD
LG