Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Zərrab Türkiyənin keçmiş nazirinə milyonlarla dollar rüşvət verdiyini deyir


Reza Zərrabın məhkəmə rəssamı tərəfindən çəkilmiş şəkli
Reza Zərrabın məhkəmə rəssamı tərəfindən çəkilmiş şəkli

İranlı qızıl ticarətçisi noyabrın 29-da Manhattan federal məhkəməsində keçirilən dinləmədə bildirib ki, İranın ABŞ sanskiayalarından yan keçə bilməsi üçün Türkiyənin keçmiş hökumət rəsmisinə rüşvət verib.

İran azərbaycanlısı Reza Zərrab bundan əvvəl təqsirini boyununa alıb və ABŞ prokurorları ilə əməkdaşlıq barədə razılaşma əldə edib.

Reuters agentliyinin xəbərinə görə bu razılaşmaya əsasən Zərrab türkiyəli bank direktoru Mehmet Hakan Atillanın məhkəməsində əsas şahid qismində ifadə verməyə başlayıb.

Noyabrın 29-da keçirilən dinləmədə Zərrab deyib ki, o 2012-ci ildə İrana dair sövdələşmədən öz qazancının yarısını Türkiyənin ovaxtkı iqtisadiyyat naziri Zafer Çağlayana verməyə razılaşıb. Türkiyə hökuməti bundan əvvəl bildirirdi ki, Çağlayan Türkiyə və beynəlxalq qanunların çərçivəsində hərəkət edib.

Türkiyənin dövlət bankı olan Halkbankda icraçı direktorlardan biri olan Mehmet Atillanın işi üzrə məhkəmə Ankara ilə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib.

ABŞ prokurorları bu iş üzrə Çağlayan da daxil 9 nəfərə qarşı ittiham irəli sürüblər. Hazırda bunlardan yalnız Zərrab və Atilla Birləşmiş Ştatlarda həbsdədirlər.

Prokurorlar bildirirlər ki, bu iş üzrə müttəhim olanlar çirkli pulların yuyulması üçün mürəkkəb sxem qurmuşdular. Bu sxemə görə İrana qızıl ötürülür və əvəzində guya ərzaq alış-verişi barədə saxta sənədlərin köməyi ilə Tehrana ABŞ sanksiyalarından yan keçərək beynəlxalq bazarlara çıxış verilirdi.

Noyabrın 29-da keçirilən ikinci dinləmədə Zərrab deyib ki, Çağlayana ümimilikdə 50 milyon dollar məbləğində rüşvət verib.

Bunun müqabilində Çağlayan Zərrabın Halkbankla işləməsinə şərait yaradıb.

Zərrab deyib ki, bu məsələyə Çağlayanın müdaxiləsindən əvvəl Halkbankın ovaxtkı baş meneceri Süleyman Aslan iranlının çox məşhur olduğunu əsas gətirərək onunla işləməkdən intina edirmiş.

ABŞ-da başlanmış cinayət işində Aslana qarşı da ittihamlar var.

Zərrab bunu da bildirib ki, o İranla bağlı maliyyə tranşlarının həyata keçirilməsi üçün Türkiyənin Aktif Bankından istifadə edib. Onun sözlərinə görə, bu bank əvvəlcə Zərraba hesab açmaq istəməyib, lakin bu məsələyə Tükiyənin ovaxtkı Avropa İttifaqı naziri Egemen Bağışın müdaxiləsindən sonra hesab açılıb.

Zərrabın dediyinə görə, Bağış onunla Aktif Bankın baş meneceri arasında görüş təşkil edib və bu görüşdən sonra iranlı tacirin adına hesab açılmasına icazə verilib.

Zərrab bildirib ki, Aktif Bank Birləşmiş Ştatlardan xəbərdarlıq aldıqdan sonra bu hesabı bağlayıb.

İranlı tacir habelə deyib ki, Atilla ona sanksiyalardan yan keçən tranşların təşkilində kömək edib. Zərrab bu barədə heç bir təfərrüat bildirməyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın hökuməti bildirir ki, ABŞ-da başlanmış cinayət işi siyasi motivlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG