Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

İran Səudiyyə Ərəbistanı ilə daha yaxşı münasibətlər istədiyini deyir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran bildirir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və onların müttəfiqləri ilə daha yaxşı münasibətlər istəyir və bu ölkələri onların Fars körfəzindəki qonşuları Qətərlə aralarında olan kəskin mübahisəyə son qoymağa çağırır.

İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 1-də deyib ki, Tehranın “Qətər, Küveyt və Omanla son dərəcə yaxşı münasibətləri” var. Nazir Dohada keçirilən Asiya Əməkdaşlıq Dialoqu forumunda jurnalistlərə deyib:

"Biz ümid edirik ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə də eyni cür münasibətlərimiz ola bilər”.

Şiə İranı və sünni çoxluğuna malik Səudiyyə Ərəbistanı qatı rəqibdirlər və regionda nüfuz uğrunda şiddətli mübarizə aparırlar.

Bu iki ölkə habelə Yəməndəki qanlı vətəndaş münaqişəsində qarşıduran tərəfləri dəstəkləməklə faktiki olaraq “təmsili müharibə” edirlər.

Riyad Tehranla əlaqələrini 2016-cı ildə qəzəbli etirazçılar İrandakı Səudiyyə səfirliyinin binasını yandırandan sonra kəsib. İranlılar Səudiyyədə şiə ruhani xadimin edamına etiraz edirdilər. Bu hadisədən sonra iki ölkə arasında diplomatik münasibətlər pozulub.

2017-ci ildə isə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərə qarşı diplomatik və ticarət boykotu elan ediblər. Bu ölkələr Qətəri terrorizmə dəstəkdə və İrana meyllənməkdə ittiham edirlər.

Zarif deyib ki, o Körfəz Əməkdaşlığı Şurasına daxil ərəb ölkələrinin öz aralarındakı ixtilafları çözə biləcəklərinə ümid edir.

İran xarici işlər naziri bunu da deyib ki, “Tehran Qətərin üzərinə təzyiq göstərilməsinə qarşıdır, çünki bu, beynəlxalq qanunlara ziddir”.

Şeyx Muhammad bin Abdulrahman al-Thani
Şeyx Muhammad bin Abdulrahman al-Thani

Bu arada Qətərin xarici işlər naziri Şeyx Muhammad bin Abdulrahman al-Thani İran və Birləşmiş Ştatlar arasında yaranmış mübahisələrin çözümü üçün Tehran və Vaşinqton arasında dialoqa çağırıb.

Vaşinqton 2015-ci ildə 6 dünya gücünün İranla bağladığı nüvə sazişini 2018-ci ildə tərk edəndən sonra ABŞ Tehran üzərinə sanksiyaları bərpa edib.

Qətər diplomatı deyib:

“Biz bu böhranın tərəfləri olan İranı və Birləşmiş Ştatları masa arxasına keçib davamlı həll yolları tapmağa çağrırıq, çünki bu region bundan artıq böhranlara tab gətirə bilməz”.

XS
SM
MD
LG