Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Zamirə Hacıyevanın ekstradisiyası illərlə uzana bilər


Z.Hacıyeva
Z.Hacıyeva

«Mən Zamirənin Azərbaycana ekstradisiyasına çox pis baxıram. Azərbaycana gəlməsi yaxşı işdir bəyəm? Onun nə təqsiri var?», – ötən həftə Londonda saxlanılan Zamirə Hacıyevanın baldızı Əminə Hacıyeva söyləyir. Z.Hacıyeva 15 il həbs cəzası almış Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadıdır.

Londondakı «Harrods» mağazasında 16 milyon funt sterlinq xərcləmiş, 15 milyon funt sterlinqlik evdə yaşayan və Birləşmiş Krallığın İzahedilməz Sərvət Qanununun ilk hədəfi olan bu qadının Azərbaycana ekstradisiya olunacağı gözlənilir. Ötən ay Milli Cinayət Agentliyi ona İzahedilməz Sərvət Orderi təqdim etmişdi, yəni o, sərvətinin mənşəyini təsdiqləyən sənədləri təqdim etməlidir.

Məhkəmədə onun Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edildiyi bəlli olub.

Ə.Hacıyeva qardaşı arvadı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparacağına inanmır.

«Cahangirlə bağlı obyektiv istintaq aparılıb ki, Zamirəylə bağlı da aparılsın?», - deyə o sual edir.

Ə.Hacıyeva
Ə.Hacıyeva

«Bunu etdilər ki, hamı bilsin belə də ola bilər...»

Ə.Hacıyeva Z.Hacıyevanın təqsirsiz olduğunu düşünür: «Onunla bağlı cinayət işi açılıb, burda kartında 4 milyon yarım borcu vardı. Bu borc da nədən əmələ gəlib Cahangir məhkəmədə izah etmişdi. O, Zamirənin adına səhmlər almışdı, 4 milyonluq. Həmin səhmləri götürsünlər, borc bağlansın. Etmirlər. Çünki belə lazımdır».

Ə.Hacıyeva qardaşı arvadının saxlanılmasını «burdan gedən sifariş» sayır və əlavə edir: «Hər halda hamı başa düşür ki, bu sifariş haradan gedir. Arvadı orda necə milyonlar xərcləyə bilər ki, yaxın adamlarının hamısına borcludur? Haradan çıxır bu daş-qaş? Kim belə vəziyyətə düşürsə, hər şey onun üstünə yıxılır, vəssalam...

Azərbaycanda milyon qazanmaq üçün nələr lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Bu qanun Moskva oliqarxları ilə bağlı çıxarılmışdı, Rusiyaya qarşı atılan addım idi. Bəs nə oldu bir Zamirəni tutdular? Hamı başa düşür ki, Zamirənin həbsi sifarişdir. Cahangirlə Zamirənin başında çatladı. Bunu etdilər ki, hamı bilsin belə də ola bilər...».

Hakim Z.Hacıyevanın zaminə buraxılması vəsatətini qəbul etsə də, prokurorların şikayətindən sonra o, həbsdə qalıb. Noyabrın 8-də bu qərardan şikayətə Apellyasiya Məhkəməsində baxılmalıdır. Bu dəfə vəsatət təmin olunsa, Z.Hacıyeva 500 min fut sterlinq ödəməlidir. Ə.Hacıyevanın sözlərinə görə, qardaşı arvadının o qədər pulu yoxdur.

Ə.Hacıyeva hələlik qardaşına həyat yoldaşının saxlanılması xəbərini çatdırmadığını da deyir.

Sosial şəbəkələrdə keçmiş bankirin arvadının Azərbaycan tərəfinin ricası ilə saxlanılması müxtəlif cür qarşılanıb. Bunu hakimiyyətin qisasçılıq siyasəti kimi dəyərləndirənlər az deyil. Amma korrupsiyada ittiham olunan bankirin həyat yoldaşının həbsini «cinayət edən cəzasını almalıdır» kimi şərh edən də var.

Z.Oruc
Z.Oruc

Deputat: «Gözləyirlər ki, hökumət addım atmasın..?»

«Onlar bunun sifariş deyil, gerçək hüquqi tədbirlərin sayəsində baş verməsi kimi qəbul etsələr, daha doğru olardı», – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, iqtidaryönlü deputat Zahid Oruc ailənin ittihamına belə cavab verir.

«Qara yollarla əldə edilmiş vəsait sahiblərinin xarakteri belədir, dərhal özünümüdafiəyə keçir və bu cür siyasi cümlələr qururlar. Biz indiki halda tərəfin kişi ya qadın olmasını deyil, cinayətlə bağlı axtrarışların nəticələrini müzakirə edirik», – deputat söyləyir.

O hesab edir ki, Azərbaycanın Z.Hacıyevanı ekstradisiya etməsi doğru olardı.

Z.Oruc Azərbaycanda sıravi vətəndaşların bank sektorundakı talançılıqla bağlı kəskin addımlar atılmasını istədiyini, Beynəlxalq Bankdan milyardlarla vəsaitin sovrulduğunu, bunun büdcə xərclərinə, xarici borcun həcminə təsirsiz ötüşmədiyini bildirir.

«Belə olan halda bunlar nə istəyirlər ki? Gözləyirlər ki, hökumət addım atmasın, Zamirə Hacıyeva da bahalı, dəbdəbəli yerlərdə bazarlıqlarını davam etdirsin? Düşünürəm ki, bu həbs qərarı ən sonda onun Azərbaycana verilməsi ilə sonuclanacaq. Burda başlıca məsələ oğurlanan vəsaitlərin geri qaytarılmasıdır. Bu, təqdir edilməli addımdır», – deyən Z.Oruc ölkədən milyonlar oğurlayıb xarici ölkələrdə sığınacaq tapan digər şəxslərlə bağlı da addımlar atıldığını bildirir. O, xarici ölkədə sığınacaq almağın heç kimi qorumadığı fikrinin bərkiməsini arzulayır.

N.Cəfərli
N.Cəfərli

«Xarici məhkəmədə bu məsələnin araşdırılması fərqli effekt doğura bilərdi»

«Mənə elə gəlir, Azərbaycan tərəfindən rəsmi müraciət edilməsəydi, Britaniya hüquq-mühafizə orqanları onu həbs etməzdi», – REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli deyir.

«Britaniyada kiminsə milyonlarla pul xərcləməsi cinayət deyil. Bu ölkə elə pul xərclənən yerdir. Rusiyadan, ərəb ölkələrindən, postsovet ölkələrindən nə qədər insanın Britaniyada həm daşınmaz əmlakı var, həm də böyük pullar xərcləyir», – deyən iqtisadçı hesab edir ki, Bakının ekstradisiya ilə bağlı rəsmi müraciət üçün ciddi əsaslar da var: «Beynəlxalq Bankla bağlı ciddi korrupsiya faktlarının olması heç kimdə şübhə doğurmur. Dövlət Beynəlxalq Bankın 10 milyard dollara yaxın daxili borcunu bağladı və xaricdə 3.3 milyard dollar borcuna zamin durdu».

Amma N.Cəfərli Böyük Britaniya qanunlarına görə, ekstradisiyanın asan olmadığını da vurğulayır: «Çox güman, güclü vəkillər tutulacaq. Zamirə xanımın çoxuşaqlı ana olduğu, Britaniyada yatırımlar etməsi nəzərə alınacaq və bu proses illərlə uzana bilər».

N.Cəfərlinin ehtimalına görə, Z.Hacıyeva ekstradisiya edilərsə belə, məhkəmədə bankla bağlı cinayətlərin ört-basdır edilməsi mümkündür. İqtisadçı Beynəlxalq Bank rəhbərliyinin özbaşına bu qədər vəsaiti mənimsəməsinin şübhə doğurduğunu, burda açılmayan məqamların olduğunu bildirir, hətta gedişatda yüksəkvəzifəli məmurların adlarının hallandırılmasını da mümkün sayır. Onun qənaətincə, xarici məhkəmədə bu məsələlərin araşdırılması fərqli effekt doğura bilərdi.

C.Hacıyev
C.Hacıyev

Xatırlatma

Cahangir Hacıyev 2016-cı ildə mənimsəmə ittihamıyla 15 illik həbsə məhkum edilib. O zaman xanım Hacıyeva barəsində axtarış elan olunsa da, o, elə o vaxtdan Britaniyada yaşayırdı.

Bu yaxınlarda Britaniya məhkəməsi bu qadının sərvətinin mənbəyini açıqlamasını tələb etdi. Artıq bu ölkənin müstəntiqləri korrupsiyada şübhəli bilinən əcnəbilərdən sərvətlərini qanuni toplamalarının sübutunu tələb edə bilir.

Hacıyeva və ərinin kimliyi ötən ayın əvvəlində ictimaiyyətə açıqlanıb. Hacıyeva Britaniyadakı ödənişləri ərinin bankının buraxdığı 35 kredit kartıyla edib.

Britaniya Cinayətkarlıqla Mübarizə Agentliyinin rəhbəri isə etiraf edib ki, C.Hacıyevin «dəbdəbəli «Harrods» ticarət mərkəzində sağa-sola pul xərcləyən» arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG