Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Cəbhəçinin 15 gündür aclıq aksiyası keçirdiyi deyilir


Zamin Salayev
Zamin Salayev

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin həbsdə 15 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna fevralın 22-də Salayevlə görüşən vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Salayev aksiya zamanı 8 kiloqram çəki itirib.

Vəkilin habelə əlavə etməsinə görə, Salayev təcridxanada ona qarşı ayrıseçkilikdən də şikayətlənir: "O, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib. Ailəsi ilə telefon danışığına və görüşünə qanunsuz olaraq qadağa qoyulub. Bununla bağlı məhkəməyə şikayət edəcəyik".

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, əgər müdafiə tərəfinin hər hansı şikayəti varsa, onlara müraciət edilə bilər.

İnsan neçə gün aclıq edə bilər, hansı orqanları zədələnir
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Zamin Salayevə 3 ay həbs cəzası verilib

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. DİN-in məlumatına görə, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi" adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb: "Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini Zamin Oqtay oğlu Salayev saxlanılıb. RPİ-də araşdırmalar aparılır".

Oğlunun dedikləri…

Salayevin oğlu Oqtay Salayev isə AzadlıqRadiosuna bildirib ki, səhər saat 6 radələrində atası ona zəng vuraraq deyib ki, onu polis tutub: "Atam dedi ki, Qaradağ Rayon Polis İdarəsindəyəm. Deməsinə görə, evə, Salyana qayıdarkən Lökbatanda bir nəfər öyrədilmiş formada, əlində bıçaq cumub onun üstünə. Daha sonra atam dedi ki, özünü müdafiə etmək üçün onun əlindən bıçaq alıb atıb qırağa və 3 dəqiqə keçməmiş polislər gəlib, onu maşına aparıblar".

O.Salayev qeyd edib ki, atası bu hadisəni sırf qurulmuş bir hadisə kimi qiymətləndirir.

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Xatırlatma

AXCP-nin fəal üzvlərindən (Salyan şöbəsinin sədri) Əlizamin Salayev bundan öncə də bir neçə dəfə həbs olunub. Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib.

Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. Lakin onun işgəncəyə məruz qalması ilə bağlı dediklərini rəsmi qurumlar təsdiqləməmişdi. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə H.Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay öncə azadlığa çıxmışdı.

XS
SM
MD
LG