Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:32

'Zəlzələdən zərər çəkməyənlərə ev tikirlər, biz qalmışıq kənarda'


►"İcra hakimiyyəti qəsəbə sakinlərindən pul alıb köhnə evlərinin qarşısında yenisini tikir, zəlzələdən zərər çəkmiş evlərsə kənarda qalır"

“Dövlət pul ayırıb ki, zəlzələdən qəzalı vəziyyətə düşmüş evlər sökülüb yerində yeniləri tikilsin. Gəlsinlər, faktlarla sübut edim ki, burada evlər məhz zəlzələdən zərər çəkməyən ailələrdən ötrü tikilir. Bizim kimi ailələr isə pulsuzluqdan kənarda qalır. Bir ilə yaxındır ki, üç azyaşlı, bir əlil və ağır diabet xəstəsi hər gün dağılma təhlükəsi olan evdə dişini canına tutub yaşayır”.

Şəkinin Turan qəsəbəsinin sakini Mətanət Şəmsiyevanın da evi ötən il sentyabrın 4-də baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb.

Deməsinə görə, hadisədən dərhal sonra Bakıdan gələn və yaşadığı evə baxış keçirən komissiyanın üzvləri burada yaşamağın həyata təhlükəli olduğunu deyiblər. Evi qəzalı evlər siyahısına salıblar. Qəsəbənin icra nümayəndəsinə də tapşırıq veriblər ki, ailə buradan köçürülsün və mütləq yeni ev tikilsin:

“Komissiya üzvləri gördülər ki, evin divarları da paneldir. Dedilər, “burada qətiyyən yaşamaq olmaz”. İcra nümayəndəsinə tapşırıq verdilər ki, ev sökülsün, yerində yenisi tikilsin. O da komissiya üzvlərinin yanında canfəşanlıq etdi ki, “mütləq diqqətdə saxlanılacaq”. Ancaq komissiya gedəndən sonra evin qəzalı olması barədə rəyi cırıb tulladı”.

Deyir, icra nümayəndəsinin bu hərəkətindən sonra başlayıb Bakıya şikayətlər yazmağa... Ancaq hələ ki, heç bir nəticə əldə etməyib:

Buna da bax: 'İkicə inəyim qalmışdı, bu dəfə qayıdanda onları da tapmadım'

“TƏZƏ EVİ KÖHNƏNİN QARŞISINDA TİKİRLƏR”

“Ona görə ki, şikayətlər gəlir icra hakimiyyətinə, icra hakimiyyəti də həmin qurumlara yalandan yazır ki, “problem həll olundu”. Bir şeyi anlamıram, mən növbəti dəfələr şikayətlər göndərəndə yəni o qurumlarda heç kəsin ağlına gəlmir ki, əgər problem həllini tapıbsa, bəs bu vətəndaş nə istəyir? Niyə gəlib yerində araşdırmırlar? Gəlib yerində araşdırsalar, özləri də görərlər ki, zərər çəkmiş ailələr qalıb kənarda. Bircə daşına da zərər dəyməyən evlərin sakinlərindən pul alıb onlara yeni evlər tikirlər. Gəlib baxsınlar, təzə evi köhnə evin qarşısında tikirlər, köhnəni sökmürlər. Halbuki köhnəni söküb yerində yenisini tikməlidilər. Ona görə sökmürlər ki, o evlər qəzalı deyil. Sadəcə, bizdən fərqli olaraq, o evlərin sahiblərinin pulu var, icra nümayəndəsinə verib bizim üçün tikilməli olan evi özlərinə tikdirirlər”.

Sakinin deməsinə görə, 1 ilə yaxındır ki, icra hakimiyyətinin başçısı Elxan Usubovun qəbuluna düşə bilmir. Əvəzində isə yazdığı şikayət məktublarına görə icra hakimiyyətinin işçiləri tərəfindən “tənbehlənir”.

“BİR DAHA ARAŞDIRARIQ”

Şəki rayon icra hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, 10 ay ərzində Turan qəsəbəsindəki evlərin hamısı evi zəlzələdən qəzalı vəziyyətə düşmüş sakinlər üçün tikilib:

“Xanımın dediklərinin heç bir əsası yoxdur. Dəfələrlə şikayət yazıb, gəlib araşdırıblar, deyilənlər təsdiqini tapmayıb. Bir daha araşdırarıq, əgər evi qəzalı evlər siyahısındadırsa, kənarda qala bilməz, yəqin ki, növbə çatanda ona da ev tikiləcək”.

Ötən il sentyabrın 4-də Şəkidə baş vermiş zəlzələ nəticəsində əsasən kəndlərdə azı 240 yaşayış evinə və xeyli inzibati binaya zərər dəyib. Turan qəsəbəsində 40-dan çox ev zərər çəkib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG