Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Zəlzələdən evi dağılıb gözü qorxanlar...


Zəlzələdən sonra qəzalı vəziyyətə düşən ev

«Zəlzələ gecəsindən bəri səksəkə içərisində yaşayırıq. Gəlinin cehizini, digər məişət əşyalarını çıxarıb tökmüşük həyətə. Qalmağa başqa yerimiz yoxdur deyə, gecələr yenə bu, qəzalı evdə yatmalı oluruq. Amma ev elə vəziyyətə düşüb ki, onu adi bir külək də uçura bilər. Özüm xəstəyəm, gəlinim hamilədir, təzəcə əməliyyatdan çıxmış azyaşlı nəvəm var. Heç bilmirəm, bu işin axırı necə olacaq...».

Ağsu rayonunun Göydəlləkli kənd sakini Xalidə Bilalova belə deyir. Onun sözlərinə görə, fevralın 5-i baş verən zəlzələ nəticəsində dörd nəfərdən ibarət ailəsinin yaşadığı evə ciddi ziyan dəyib. Deyir ki, torpaq kərpicdən olan tikilinin özül hissəsi zədələnib, divarlarda çoxsaylı çatlar yaranıb, tavanda çökmə olub, qapı və pəncərə çərçivələri deformasiyaya uğrayıb.

X.Bilalova
X.Bilalova

X.Bilalova təbii fəlakət baş verəndən bir neçə gün sonra yerli icra hakimiyyətinə müraciət etdiyini söyləyir: «Elə həmin gün yerli komissiya evlərimizə ilkin baxış keçirdi. Bundan iki gün sonra həyətimizə daha iki nəfər gəldi. Onlardan biri planşetlə evin xarici və daxilinin şəkillərini çəkdi. 10 gün sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri də gəlib evə baxış keçirdi, bəzi qeydlər götürdülər. Amma indiyədək bizə evlə bağlı nə qərarın çıxarılmağı məlum deyil».

Prezident iki dəfə zəlzələ bölgəsində olub

Bu il fevralın 5-dən 6-na keçən gecə Azərbaycanın Şirvan bölgəsində 6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət ölkənin əsasən üç rayonunda- Şamaxıda, Ağsuda və İsmayıllıda dağıntılara səbəb olub.

Fevralın 7-də prezident İlham Əliyev Şamaxıda olub və zərərçəkən ailələrə bildirib ki, fəlakətin nəticələri ən qısa müddətdə aradan qaldırılacaq.

Elə həmin gün yaşayış evlərinə, sosial-infrastruktur obyektlərinə dəymiş zərərin aradan qaldırılmasından ötrü Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Bir ay sonra-martın 6-da görülən işlərlə yerində tanış olmaq məqsədilə prezident Ağsu rayonuna səfər edib. Bu zaman zəlzələdən əziyyət çəkən bir neçə ailəyə yeni tikilən evlərin təməli qoyulub.

«Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» növbəti prezident sərəncamı ilə martın 7-də daha 11 milyon manat vəsait ayrılıb.

Marın 6-da rəsmi açıqlamaya görə, Şamaxı, Ağsu və İsmayıllıda ümumilikdə 5 mindən çox evə zərər dəyib. Onlardan 491-i «kəskin qəzalı» hesab olunur. 1638 evin bərpa-gücləndirməsinə, 3176 evin isə təmirə ehtiyacı var. Həmin tarixdə zəlzələdən əziyyət çəkənlərdən ötrü 38 evin tikintisinə başlandığı bildirilirdi. Bundan sonra, martın 7-də prezidentin iştirakı ilə Şamaxı rayonunda 44-mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimi olub. Bu binadakı mənzillər də zəlzələdən evi dağılan ailələrə verilməlidir.

Əşyalar həyətə daşınıb.
Əşyalar həyətə daşınıb.

Bəs qalan evlərin tikintisinə və təmir-bərpa işlərinə nə vaxt başlanılacaq?

İndi bu sual təkcə X.Bilalovanı deyil, həmin bölgədə yaşayan və evləri qəzalı vəziyyətə düşən sakinlərin bir çoxunu maraqlandırır.

Ağsu Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov da müfəssəl məlumata malik olmadıqlarını deyir: «Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda yalnız uçmuş evlərin tikintisinə başlayıb. İlkin açıqlamada Ağsuda 150 ev «kəskin qəzalı» hesab edilmişdi. İndi onların sayı 198 olub. Bu, hələ son qərar deyil. FHN-in yeni komissiyası bir daha bu evlərə baxış keçirib rəy verəcək ki, həmin evlərdəki qəzalı vəziyyət zəlzələnin təsirindən olub, yoxsa sadəcə fiziki köhnəlmədən. Bərpa-gücləndirmə və təmir işləri başlamaq üçün yerində qiymətləndirmələr aparılacaq, smeta tutulacaq... Biz yalnız rayona ezam olunan FHN əməkdaşlarını avtomobil və bələdçi ilə təmin edirik».

XS
SM
MD
LG