Martın 22-dən 26-dək Rusiya Böyük Teatrında nümayiş olunacaq Cüzeppe Verdinin «Don Karlos» operasında Don Karlos obrazını azərbaycanlı tenor Yusif Eyvazov canlandıracaq.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Yusif Eyvazov martın 23-də və 25-də oynanılan tamaşada rol alacaq.
Əlcəzairdə dünyaya göz açan Yusif Eyvazov Bakıda böyüyüb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib.
1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.
Cüzeppe Verdinin «Traviata», «Bal-maskarad», «Nabukko», «Riqoletto», Cakomo Puççininin «Bohema», «Toska», Jorj Bizenin «Karmen», Qaetano Donisettinin «Lüçiya di Lammermur» operalarında yaddaqalan obrazlar yaradıb, C.Verdinin «Rekviyem» əsərində tenor partiyasını ifa edib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.
2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub.
Onun adı «Dünyanın ən yaxşı tenorları» kitabına daxil edilib.
Yusif Eyvazov dünyaşöhrətli opera ifaçısı Anna Netrebko ilə evlidir.