Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:24

Yunis Səfərovun anası: ‘Oğlumu elektrik işgəncəsi ilə hədələyiblər…’


“Oğlum Yunis Səfərovun öldü-qaldısından belə xəbər tuta bilmirik”.

Bu cümlə Yunis Səfərovun anası Leylaxanım İsmayılovanın ictimaiyyətə müraciətində yer alır.

Leylaxanım İsmayılova müraciətində yazır ki, oğlunun durumu yaxşı deyil. Onun iddiasına görə, Yunis Səfərovdan zorla vəkilinin əleyhinə ərizə alıblar:

“Oğluma ərizə yazdırıblar, guya, vəkili Elçin Sadıqov ona təsir edib ki, işgəncə barədə ifadə versin, əslində isə o, işgəncəyə məruz qalmayıb. Bunların hamısı keçən həftənin sonu baş verib. Oğlum bunu yazmaqdan imtina edəndə onu “bandotdel”ə (Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi-R) aparıb elektrik işgəncəsi verməklə hədələyiblər. Ölkədə insanlara və vəkillərə belə bir düşüncə aşılanır ki, məhbusları vicdanla müdafiə etməyin, onları istənilən vaxt sizin əleyhinizə çevirə bilərik”.

Müraciətdə daha sonra oğlunun vəziyyəti əsirlikdə olan insanların vəziyyəti ilə müqayisə edilir:

“Guya dövlət hesabına təyin edilmiş vəkil oğlumun hüquqlarını müdafiə edir. Halbuki, dövlət hesabına vəkil oğlumla heç vaxt, bir saniyə belə konfidensial görüşməyib, oğlumun hüquqlarını heç vaxt müdafiə etməyib, bunun üçün heç bir addım atmayıb. Sonra da deyir ki, Yunis Səfərov mənə işgəncəyə məruz qalması barədə heç nə deməyib. Axı siz nə vaxt Yunis Səfərovla müstəntiqsiz görüşə getmisiniz?! Heç vaxt...”

Müraciətin sonunda ölkə rəhbərliyindən Yunus Səfərovun durumunun diqqətə götürülməsi istənilir.

Leylaxanım İsmayılovanın müraciətindəki fikirlərə, hələlik, əlaqəli rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlananlara işgəncə verilməsi haqqında şikayətləri təkzib edirlər.

Yunis Səfərovun saxlanmasından bir neçə gün sonra da hakimiyyətə yaxınlığı ilə seçilən bəzi kütləvi informasiya vasitələrində onun qısa video müsahibəsi yayılmışdı. Yunis Səfərov bu videoda bildirirdi ki, saxlanandan sonra işgəncəyə məruz qalmayıb. Üzündəki xəsarət yerləri isə saxlanarkən müqavimət göstərdiyindən yaranıb.

Eyni zamanda həmin kütləvi informasiya vasitələrində özünü Y. Səfərovun vəkili Elman Ağayev kimi təqdim edən şəxsin də fikirləri yer alırdı. Həmin şəxs də ona Y. Səfərovun işgəncə ilə bağlı hər hansı açıqlama vermədiyini söyləyirdi.

Yunis Səfərov həbs edildikdən sonrakı həftələrdə onun vəkili Elçin Sadıqov idi. Ancaq LeylaxanımIsmayılovanın bildirməsinə görə, Baş Prokurorluq onun müdafiədən kənarlaşdırılması barədə qərar verib. Həmçinin, həmin vəkil barəsində tədbir görülməsindən ötrü Vəkillər Kollegiyasına da müraciət olunduğu bildirilir.

Bunu vəkilin özü də təsdiq edib.

Ancaq bu deyilənlərə də Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluq bütün bu hadisələrlə bağlı indiyədək 77 şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib. Amma öldürülən həmin şəxslərdən bəzilərinin yaxınları onlarda silah olması haqqında hüquq-mühafizə orqanlarının iddialarını rədd ediblər.

Bu günlərdə isə prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

Yerli KİV-lərdə onun xaricdə müalicə aldığı yazılırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG