Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Vəkil barəsində intizam icraatı başlanıb


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Baş Prokurorluğun vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət etdiyi bildirilir. Şikayət əsasında vəkil barəsində kollegiyada intizam icraatının başlanıldığı qeyd edilir.

Bu haqda vəkil Elçin Sadıqovun özü məlumat verib.

Vəkilin deməsinə görə, intizam icraatının başlanılması barədə ona bu gün, sentyabrın 14-də məlumat verilib.

Elçin Sadıqov vurğulayıb ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Sərdar Qasımov onu sentyabrın 17-də kollegiyaya dəvət edib.

“Həftənin birinci günü konfidensial görüşün dinlənilməsi və onun əsasında Baş Prokurorluğun şikayəti ilə tanış olmağım üçün Vəkillər Kollegiyasına dəvət olundum. Qanunla müdafiə etdiyim şəxslə məzmunu konfidensial olan görüşüm dinlənilib və bununla əlaqədar olaraq mənim barəmdə intizam icraatı başlanılıb”, vəkil bildirib.

Elçin Sadıqov Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilən Yunis Səfərovun vəkili idi. Sentyabrın 5-də Baş Prokurorluğun Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul etdiyi bildirilir.

Qərarın surətini bu həftənin əvvəlində Yunis Səfərovun anası Leylaxanım İsmayılova açıqlamışdı.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”, deyə Yunis Səfərovun anası ictimaiyyətə müraciətində qeyd edirdi.

İstər Leylaxanım İsmayılovanın, istərsə də Elçin Sadıqovun bu açıqlamasına, hələlik, nə Baş Prokurorluqdan, nə də Vəkillər Kollegiyasından münasibət almaq mümkün olub.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra da sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş prokurorluq bu hadisələrlə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib.

Baş Prokurorlugun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi təcrübəsi Azərbaycanda geniş yayılıb.

Belə şikayətlər adətən vəkillərin fəaliyyətinə xitam verilməsi və ya dayandırılması ilə nəticələnir.

Vəkillər Kollegiyası son 7-8 ayda xeyli vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Yalçın İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Bu yaxınlarda isə vəkil İradə Cavadova cəzalandırılıb.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə izah ediblər. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.

XS
SM
MD
LG