Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:48

‘Yunis Səfərovun öldürülməsi ilə bağlı məlumat yalandır’


“Yunis Səfərovun öldürülməsi ilə bağlı yayılan məlumatlar tam yalandır, həqiqəti əks etdirmir”

“Turan” agentliyinin xəbərinə görə, bunu Penitensiar Ximdətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Meydan.tv saytının rəhbəri Emin Milli Gəncə hadisələrinə görə həbs edilən Yunis Səfərovun anasına istinadən belə bir məlumat yaymışdı.

Emin Millinin sözlərinə görə, Yunis Səfərovun anası çox narahatdır ki, oğlunu həbsxanada öldürüblər. Onun dediyinə görə, ona belə məlumatlar çatır.

Öz növbəsində isə Penitensiar Xidmət bu iddianı rədd edib: “Yunis Səfərovun öldürülməsi ilə bağlı yayılan məlumatlar tam yalandır, həqiqəti əks etdirmir. Yunis Səfərovun vəkili onunla görüşür”, Penitensiar Ximdətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Bundan əvvəl Yunis Səfərovun yaxınları ona ağır işgəncə verildiyi ilə bağlı da məlumatlar aldıqlarını iddia etmişdilər. Amma bu şikayətlər də rəsmən təsdiqini tapmamışdı.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (sonra işdən çıxarıldı) Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdə məqsədi şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluq bütün bu hadisələrlə bağlı indiyədək 70-dən çox şəxsin həbs edildiyini açıqlayıb.

Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib. Amma öldürülən həmin şəxslərdən bəzilərinin yaxınları onlarda silah olması haqqında hüquq-mühafizə orqanlarının iddialarını rədd ediblər.

Üstəlik, bəzi hüquq müdafiəçiləri həmin hadisələrlə bağlı öldürülən şəxslərin 10-a yaxın olduğunu iddia edirlər.

XS
SM
MD
LG