Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:58

Yunis Səfərovun öz vəkili ilə görüşünə imkan verilmir?


Yunis Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun vəkili ilə görüşməsinə icazə verilmədiyi bildirilir.

AzadlıqRadiosuna bu məlumatı Yunis Səfərovun dayısı Füzuli İsmayılov verib:

“Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev onunla görüşmək üçün yanvarın 17-də Bakı İstintaq Təcridxanasına gedib və Yunisin vəkili olduğunu təsdiqləyən orderi də təqdim edib. Amma vəkili Yunislə görüşməyə qoymayıblar”.

Dayısı deyir ki, Yunis Səfərovun işinə baxan məhkəmə də B.Hacıyevi onun vəkili kimi qəbul edib və müdafiəçi qismində işə buraxıb.

Onun sözlərinə görə, görüşə imkan verilməməsi həm vəkilin, həm də Yunisin hüquqlarının pozulmasıdır:

“Belə bir şəraitdə hansı keyfiyyətli hüquqi müdafiədən söhbət gedə bilər? Vəkilin müvəkkili ilə görüşü ən adi hüquqdur, amma Yunisə münasibətdə bu da təmin olunmur”.

Yunis Səfərovun özü də məhkəməsində görüş, telefon danışığı hüquqlarının məhdudlaşdırıldığına görə müdafiəsini qura bilməməsindən şikayətlənmişdi.

Penitensiar Xidmətin sözcüsü: “Bununla bağlı heç bir problem yoxdur”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azdlıq Radiosuna deyib ki, vəkillərin müvəkkillərilə görüşünə heç bir əngəl yaradılmır:

“Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə vəkillər öz müvəkkilləri ilə qanunauyğun qaydada məhdudiyyətsiz görüşə, konfidensial söhbət apara bilirlər. Bununla bağlı heç bir problem yoxdur".

Bakıda Yunis Səfərovun məhkəməsi başladı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və onun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Yunis Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, ifadələrə təzyiq altında imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG