Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Yol polisi ölümlə nəticələnən qəza törətdi... bəraət aldı


Hakim
Hakim

Bakının Nərimanov rayonu ərazisində yol polisi 55-yaşlı qadını avtomobillə vurmuş və o, elə hadisə yerində keçinmişdi. Məhkəmə bu işə baxıb, təsdiqləyib ki, hadisəni yol polisi törədib, ancaq yekunda onun haqqında bəraət hökmü çıxarılıb.

Hadisə Nərimanov rayonu, F.Xoyski küçəsi 99 ünvanında marketin qarşısında baş verib. O əraziyə yaxın olan 5 Saylı Şəhər Xəstəxanasında xadimə işləyən Ədilə İdrisova yolu keçəndə onu «Toyota Prado» markalı avtomobil vurub. Qadın zərbədən yolun əks tərəfində hərəkət edən «Nissan Sentra» markalı başqa bir avtomobilin üstünə düşüb. Ə.İdrisova hadisə yerində keçinib.

«Toyota Prado»nu idarə edən Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimli olub.

Hadisə baş verən ərəfədə sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunurdu ki, sürücü qəza yerində dayanmayıb, çıxıb gedib.

Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanmış, yol polisinə qarşı CM-in 263.2 (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsiylə ittiham irəli sürülmüşdü. Amma o, həbsdə deyildi, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.

N.İbrahimli məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, qadın qəfil avtomobilin yoluna çıxıb, onun saxlamaq imkanı olmayıb.

İstintaq dövründə keçirilən ekspertiza təqsirləndirilən polisin əleyhinə rəy verib. Məhkəmənin gedişində bir də avtotexniki ekspertiza təyin olunub. Budəfəki rəy onun xeyrinə olub. Yazılıb ki, sürücünün avtomobili saxlamaq üçün texniki imkanı olmayıb.

Oktyabrın 22-də hökm elan olunmamışdan öncə təqsirləndirilən polisin özü də son sözündə, vəkili də çıxışında bəraət istəyib.

«Ekspertiza da göstərdi ki, o günahsızdır və bəraət hökmü çıxarılmalıdır», – vəkil deyib.

Hakim Samir Məmmədov da az sonra bəraət hökmünü elan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG