Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

'İqtisadiyyat neftin qiymətinə uyğun qurulmamalıdır'-media icmalı 


Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Ölkədə sahibkarlığın vəziyyəti, inflyasiya ilə mübarizənin yolları, yeni 200 manatlıq əskinasların tədavülə buraxılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İnflyasiya ilə mübarizənin yolları

“Novoye Vremya” qəzetində “Mərkəzi Bank qiymət artımı qeydə alır, onu necə cilovlayaq?” sualı gündəmə daşınır.

Yazıda vurğulanır ki, 2017-ci ildə Azərbaycanda rəsmən inflyasiyanın 13,9 faiz təşkil etdiyi açıqlanıb. Məmurlara və statistikaya inam olmadığını qeyd edən müəllif güman edir ki, ölkədə real inflyasiyanın səviyyəsi göstəriləndən yuxarıdır.

Yazida xatırlandığına görə, Mərkəzi Bank rəhbəliyi bəyan edib ki, 2018-ci ildə inflyasiya 6 faizə enəcək:

“Amma bütün dəqiqiliyi ilə hər şey əksinə baş verir. Qiymət artımını dayandırmaq olmur...”.

Yazıda bildirilir ki, Mərkəzi Bankın açıqlamasına görə, Azərbaycanda 2018-ci ilin ilk rübündə inflyasiya 3,1 faiz təşkil edib.

Ərzaq məhsulları üzrə inflyasiyanın 4,5, qeyri-ərzaq mhsulları üzrə 4,3, xidmətlər üzrə isə 2,9 təşkil etdiyi açıqlanıb:

Bakıda bazar
Bakıda bazar

“Deməli, 520 adda məhsuldan 170 növ məhsul üzrə qiymət enməsi olub, 142-si üzrə isə qiymət dəyişikliyi olmayıb, 208 məhsul və xidmət üzrə qiymət bahalığı qeydə alınıb”.

Müəllif vurğulayıb ki, bəzi məhsulların qiymətində ucuzlaşma əsasən mövsümü xarakter daşıyır:

“Adama belə gəlir ki, nə Mərkəzi Bank, nə də Dövlət Statistika Komitəsi vəziyyətə nəzarət etmək gücündədir. İstehlak bazarında olduğu kimi xidmət sahəsi də “öz axarı”na buraxılıb. Hər tacir öz qiymətini müəyyən edir”.

Yazıda bildirilir ki, bahalığa görə əhali firma, şirkət təmsilçilərinin, onlar isə öz növbələriində inhisarçıları günahlandırırlar.
Müəllif hesab edir ki, belə olan halda inflyasiyanın 6 faizi keçməyəcəyi haqqında vədlər inandırıcı deyil. Yazıda vurğulanır ki, inflyasiyanın qarşısını almaqdan ötrü inhisarçılarla mübazrizə getməli və hökumət iqtisadiyyatı neftin qiymtinə uyğun qurmamalıdır.

Pulun üzərində rəqəmlər artır, amma...

“Exo” qəzetində “200 manatlıq əskinasın buraxılması, bu hələ...” sərlövhəli yazı oxumaq olar.

Yeni 200 manat
Yeni 200 manat

Yazıda Azərbaycan Mərkəzi Bankının yeni 200 manatlıqları tədavülə buraxması ekspert Əkrəm Həsənovla təhlil edilib.

“Dövriyyəyə 200 manatlıq əskinasların buraxılması dolyası ilə də olsa təkcə Azərbaycan milli manatının öz dəyərini itirməsi yox, həm də perspektivdə manatın dəyərinin enəcəyinin göstəricisidir”, deyə Əkrəm Həsənov vurğulayıb.

Ə.Həsənov xatırladıb ki, XX əsrin 90-cı illərində Azərbaycan hökuməti dövriyyəyə 50,100 və 1000 manatlıq, bir qədər sonra 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əskinaslar buraxıb.

Ekspert qeyd edib ki, əgər bir neçə il öncəki məzənnə üzrə 100 manat 100 dolları üstələyirdisə, indi 100 manat ABŞ valyutasından az qala iki dəfə geri qalır.

Ə.Həsənov yaxın 5 ildə tənzimləyicinin 500 manatlıq dəyəri olan pulları da dövriyəyəyə buraxacağını istisna etmir:

“ Biz hamımız başa düşürük ki, bu il də olmasa gələn il manat təkrar devalvasiyaya məruz qalacaq. İndi isə yeni əskinasları nümayiş etdirmək üçün yaxşı bəhanə yaranıb. Mərkəzi Bank məhz bu fürsəti əldən vermək istəmirdi”.

Ə.Həsənova görə, 200 manatlıq əskinasların buraxılması, hələ başlanğıcdır və hər şey neftin qiymətindən asılı olacaq.

Bu günlər Azərbaycanda yeni 200 manatlıq əskinas tədavülə buraxılıb.

Mərkəzi Bankın rəhbəri E.Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.

“Özəl sektorun inkişafına tövhə”

“Azərbaycan” qəzetində “Prezident İlham Əliyevin yeni islahatlar kursu özəl sektorun sürətli inkişafına töhfə verir” sərlövhəli yazı dərc edilib.

Yazıda bildirildiyinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, keçmiş prezident Heydər Əlyevin müəllifi olduğu və hazırkı dövlət başçısı İlham Əliyevin davam etdirdiyi siyasət özəl sektorun sürətli inkişafına səbəb olub.

Şahin Mustafayev, 2014
Şahin Mustafayev, 2014

““Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilir. İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir və bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb”, deyə nazir çıxışında vurğulayıb.

Yazıda habelə bildirilib ki, yerli istehsalının potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4, 2018-ci ilin I rübündə isə 35 faizə yaxın artıb.

Müəllifin sonda da yazmasına görə, konfransda çıxış edən sahibkarlar son dövrlərdə həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqətə görə, minnətdarlıqlarını ifadə ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG