Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

'Yerevanda söylədiyini İlham Əliyevin qabağında təkrarlaya bilmədi'


S.Lavrov və İ.Əliyev
S.Lavrov və İ.Əliyev

Dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidir. Görüş ərəfəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana ikigünlük səfərə gəlib. Bu səfərdən bir qədər öncə o, Ermənistanda olmuşdu. Orda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycanda narazılıqla qarşılanmışdı. O demişdi ki, «Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsi mümkün deyil».

«Bəyanatına düzəliş edəcəyini gözləyirdim»

«Mən Sergey Lavrovun səfərini çox mənfi qiymətləndirirəm. Ən azı ona görə ki, o, bir qədər əvvəl Yerevanda Azərbaycanın maraqlarına və ümumiyyətlə, sülh prosesinin məntiqinə zidd bəyanat vermişdi. Mən onun bəyanatına Bakıda düzəliş edəcəyini gözləyirdim», – keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirir. «Düzdür, onun sözçüsü Mariya Zaxarova Yerevan səfərindən sonra şefinin bəyanatlarına düzəlişlər edib və bəyan edib ki, Rusiyanın rəsmi mövqeyinə görə, danışıqlar iki ölkə arasında aparılır.

T.Zülfüqarov Rusiyanın münaqişənin həlli ilə bağlı Azərbaycanın maraqlarını əks etdirən bəyanatlar vermədiyini vurğulayır: «Yəni, heç bir fikir səslənməyib ki, işğal edilmiş ərazilərin azad edilməsi başlıca məsələlərdəndir, məcburi köçkünlər evlərinə qayıtması humanitar-siyasi problemdir. Buna bənzər bəyanatlar verilməyib».

T.Zülfüqarov
T.Zülfüqarov

Keçmiş nazirin qənaətincə, Rusiya xarici işlər naziri, sadəcə, imitasiya xarakteri daşıyan danışıqlar prosesini yeniləmək niyyətindədir və onun Bakıda tərəflərin etimadının dərinləşməsi kimi bəyanatlar verməsi Azərbaycan ictimaiyyətini qane edə bilməz.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu S.Lavrovun Yerevan səfərinin balansı pozduğunu, ona görə də Rusiya xarici işlər nazirinin Bakıya səfərinin gözlənilən olduğunu düşünür.

«İkibaşlı fikirdir»

Yeri gəlmişkən, S.Lavrov artıq Prezident İlham Əliyevlə görüşüb. O, «Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllində kömək edəcəyik» deyib və əlavə edib ki, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da aiddir:


«Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır».

E.Şahinoğlu S.Lavrovun son fikrinə diqqət çəkir: «Mən onun İlham Əliyevlə görüşünü izlədim, hər cümləsinə xüsusi diqqət yetirirdi.

E.Şahinoğlu
E.Şahinoğlu


Məsələn, prezident Əliyev münaqişənin nizamlanmasında nəzərəçarpan nəticələr olmadığını dedi və izah etdi ki, «bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, «Qarabağın Ermənistan olması» barədə bəyanatıdır. Dövlət başçısı həm Rusiya, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən bu qəribə bəyanata düzgün qiymət verildiyini söylədi. Lavrov isə Paşinyanın adını çəkmədən dedi ki, beynəlxalq prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır. Bu, ikibaşlı fikirdir, tək Ermənistanı yox, Azərbaycanı da nəzərdə tuturdu. Amma hər halda İrəvanda söylədiyini Bakıda İlham Əliyevin qabağında təkrara edə bilmədi».

Hakimiyyətin son gedişlərinin hansı əlaqəsi var

Bu səfərə sosial mediada da toxunulur. Məsələn, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Zaur Əkbər yazır: «Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıdadır. Hakimiyyətin son gedişlərinin bu səfərlə birbaşa əlaqəsi olduğunu düşünürəm. Çünki İlham Əliyev Azərbaycan xarici siyasətində vektoru artıq müəyyən edib. Çox təhlükəli tendensiya ilə üz-üzəyik. Bura Qarabağı da aid etmək olar».

Bu günlərdə Azərbaycanın Milli Məclisi buraxılması ilə bağlı dövlət başçısına müraciət edib. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənir. Milli Məclisin qərarına müxtəlif şərhlər verilməkdədir. Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət başçısı vəzifəsinə gətirilməsi ilə izah edənlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirənlər də var.

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna açıqlamasında parlamentin buraxılmasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu güman edir. YAP sədrinin müavini Əli Əhmədov da mətbuata açıqlamasında yeni parlamentdə vətənpərvər gənclərin təmsil olunacağından danışıb. Ə.Məmmədli vətənpərvərlik məsələsinin boş yerə vurğulanmadığnı ehtimal edir: «Çox güman, Qarabağla bağlı hansısa addımlar parlament üzərindən atıla bilər. Bu, indiki halda Rusiyanın istəyi ilə konyunktur gərəyi ola bilər».

T.Zülfüqarov bu cür yanaşmanı «siyasi spekulyasiya» adlandırır. O, dövlət başçısının Azərbaycanın maraqlarını və münaqişənin həlli ilə bağlı baxışlarını dəfələrlə beynəlxalq tədbirlərdə və o cümlədən, Rusiya siyasi elitası qarşısında bəyan etdiyini deyir.

Paşinyan Los-Ancelesdə görüşlər keçirərkən səmada "İşğala son qoy" şüarı peyda olub
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

«Dolayı məsələlər»

E.Şahinoğlu Lavrovun Qarabağ münaqişəsiylə bağlı xüsusi planı olduğunu düşünmür. Onun fikrincə, Rusiya xarici işlər nazirinin başlıca məqsədi iki ölkə arasında münasibətləri inkişaf etdirmək, hər iki ölkə jurnalistlərinin, QHT-lərin səfərlərini təşkil etməkdir: «Bu, münaqişənin həlli demək deyil, sadəcə, dolayı məsələlərdir».

E.Şahinoğlu hesab edir ki, Kreml Bakıda gedən siyasi prosesləri öyrənmək məqsədilə bura Təhlükəsizlik Şurasının katibini və ya başqa fiquru göndərə bilərdi. Onun qənaətincə, Lavrovun səfəri, sadəcə, son hadisələrlə üst-üstə düşüb.

T.Zülfüqarovun isə nazirlərin dekabrın 4-də keçiriləcək görüşlərindən heç bir gözləntisi yoxdur. O, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtilə «biz torpaqların azad olunması istiqamətində danışıqlar aparmaq niyyətində deyilik» və ya «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» kimi verdiyi bəyanatlardan rəsmi şəkildə imtina etməməsiylə izah edir. Keçmiş nazir hesab edir ki, bu bəyanatlardan sonra danışıqlarda irəliləyiş gözləmək sadəlövhlük olardı.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

1988-1994-cü illərdə münaqişədə 30 min adam həlak olub, minlərlə insan evindən didərgin düşüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG