Ermənistanın su təchizatçısı bildirib ki, ölkənin paytaxtı Yerevana su verilməsində yaranmış fasilələri aradan qaldıracaq.
Bu il Ermənistanda rekord yüksək temperaturlar qeydə alınıb və paytaxt da daxil ölkənin bir sıra yerlərində su qıtlığı yaranıb.
Fransada mənzillənmiş Veolia şirkətinin Ermənistan filialı Veolia Djur iyulun 6-da bəyan edib ki, Yerevanda su təchizatı iyulun 7-dək tam bərpa olunacaq. Bu, Erməınistanın dini bayramlarından Vardavar günüdür. Həmin gün ermənilər şəhər və kəndlərin küçələrində bir-birlərinin üstünə su atırlar.
Ölkə boyunca su təchizatı və kanalizasiyaları idarə edən şirkət bildirib ki, Yerevanda su təchizatındakı fasilələrə su şəbəkəsində baş vermis böyük qəzalar səbəb olub.
Son günlərdə Yerevanda və Ermənistanda havanın hərarəti 40 dərəcəyə çatıb.
AzadlıqRadiosu xəbər verir ki, qızmar hava şəraiti ilə bağlı qonşu Gürcüstan və Azərbaycanda da su təchizatında ciddi problemlər yaranıb. İranda havanın temperaturu 53 dərəcəyə çatıb.
Veolia Djur şirkətinin rəhbəri Gor Grigorian deyib ki, iyulun 7-də Yerevanda su təchizatı 100 faiz bərpa olunacaq.
O bildirib ki, su şəbəkəsində yaşanmış qəzanın ardınca təmir işləri aparılır.
Fransa şirkəti 2016-cı ildə Ermənistanla su təchizatına dair 800 milyon avroluq müqavilə bağlayıb.
Ümumiyyətlə isə bu şirkət Ermənistanda 25 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətin Yerevan filialında 1200 yerli sakin işləyir.