Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:49

Yerevan meriyasında iqtidarla müxalifət əlbəyaxa olub (VIDEO)


AzadlıqRadiosunun Azatutyun erməni xidməti bildirir ki, Yerevan Ağsaqqallar Şurasının bu il ilk dəfə keçirilən təntənəli açılışı bir neçə dəqiqədən sonra dava-dalaşa çevrilib.

Hər şey ondan başlanıb ki, “Yerkir tsirani” müxalifət fraksiyasının üzvləri iclas zalına Yerevanın Nubaraşen şəhərətrafı qəsəbəsindən bankalarda gətirdikləri kanalizasiya suyunu şəhər meri Taron Markaryana sakinlərin “hədiyyəsi” kimi təqdim etmək istəyiblər.

Ağsaqqalar Şurasının müxalifətdən olan üç qadın üzvü əvvəlcə tibb əlcəkləri və tibb maskaları geyiniblər və bundan sonra gətirdikləri banlakaların ağzını açıblar.

Bankalardan çıxan üfunət iyi bütün zalı bürüyüb. Bunun ardınca “Yelk” fraksiyasından olan üzvlər bir-bir zalı tərk etməyə başlayıblar.

Bu vaxt artıq müxalifətçi qadınlar – Sona Agekyan və Marina Xaçatryan əllərindəki kanalizasiya suyu ilə merə yaxınlaşmağa cəhd göstərirdilər. Bunu görən Taron Markaryan onların qarşısının alınmasına göstəriş verib.

Beləliklə, Nubaraşendən gətirilən bankaları merə təqdim ertmək mümkün olmayıb. Bunun qarşısını qadınların üstünə atılan Respublika Partiyasının üzvləri və meriyanın mətbuat katibi Artur Gevorqyan almağa çalışıblar. Bununla da zalda artıq hamının iştirak etdiyi dava-dalaş başlanıb. Şillələr, qarşılıqlı söyüşlər işə düşüb.

Əvvəlcə “Yerkir tsirani” fraksiyasının üzvü Marina Xaçatryan onu itələyən Respublika Partiyasının üzvü Edmon Kirakosyana şillə çəkib. Əvəzində respublikaçıdan eyni hərəkəti görüb. Bu vaxt respublikaçılardan Vaspurak Martirosyan müxalifətçi Xaçatryanın saçlarından dartmağa başlayıb.

Bundan sonra Respublika Partiyasından olan kişi üzvlər müxalifəti zaldan çıxarmağa çalışıblar. “Yelk” fraskiyası öz üzərinə, dalaşanları ayrımaq missiyasını götürüb. Lakin bunların arasında ən fəalı aktyor-karateçi Qor Vardanyan olub. O davaya girişməkdənsə, Marina Xaçatryanı qucaqlayaraq zaldan çıxarıb.

Azatutyun radiosunun niyə şillə atdığı barədə sualına Marina Xaçatryan hakim partiya üzvlərinin özlərini nalayiq aparması barədə şikayətlə cavab verib.

Meriyanın binasına mərkəzi polis idarəsinin əməkdaşları da gəliblər. Bundan sonra fasilə elan edilib. Zala qayıdan “Yerkir tsirani” fraksiyasının üzvləri əşyalarının yoxa çıxdığını iddia ediblər. Bununla əlaqədar meriya binasında vəziyyət yenə də gərginləşib.

Jurnalistləri zala buraxmayıblar.

Azatutyun yazır ki, ya zaldakı pis qoxudan, ya da dava-dalaşın doğurduğu əsəbdən ürəyi tutan bəstəkar Martin Vardazaryanı təcili yardım maşınında aparıblar. Bunun ardınca meriyaya daha bir tibb maşını gəlib. “Yerkir tsirani” fraksiyasından Zarui Postancyan bunun “psixiatrik xidmətin” maşını olduğunu, amma onu kimin və nəyə görə çağırdığını bilmədiyini deyib.

Yerevan Təcili Yardım Xidmətinin başçısı Taqui Stepanyan meriyaya iki tibb yardımı maşınının – kardioloji və psixiatrik xidmət maşınlarının göndərildiyini təsdiq edib. O deyib ki, psixiatrik xidməti kimin çağırdığı məlum deyil.

Fasilədən sonra müxalif “Yerkir tsirani” fraksiyasının qadın üzvləri polisə “cinayət baş verməsinə dair” ərizə təqdim ediblər.

Zarui Postancyan deyib ki, müxalifət bu məsələdə axıra qədər gedəcək: “Bu üfunət iyi sizi bütün yerlərdə müşayiət edəcək. Hətta bahalı ətir və konyaklarınız da köməyinizə çatmayacaq. Üfunət adamı boğmaz, amma zəhərləyə bilər. Siz zəhərlənməlisiniz. Biz sizin həyatınızı zəhərləyəcəyik”.

Taron Markaryan da zorakılığı pislədiyini bəyan edib.

İclası tərk edən müxalifət üzvləri jurnalistləri meriyadakı kabinetlərinə toplayıblar. Müxalifətçilər deyiblər ki, onlar zalda olarkən kimsə çirkab bankalarını onların otaqlarına boşaldıb.

Buna baxmayaraq Ağsaqqallar Şurasının ilk iclasında birinci respublikanın qurucularından daşnak Aram Manukyana abidə qoyulması barədə qərar qəbul edilib.

Yeri gəlmişkən, müxalifət bu qərarın əleyhinə çıxaraq onu pul yumaq bəhanəsi adlandırıb.

Meriyanın bəyanatında deyilir ki, müxalifət bilərkdən Ağsaqqallar Şurası təsisatını gözdən salmaq məqsədilə təxribata əl atıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG