Ermənistan prezidenti Serj Sarkisyanın Respublika Partiyası Yerevanın keçmiş meri Karen Karapetyanı ölkənin baş nazirliyinə namizəd irəli sürüb.
Ermənistan mediasının yazdığına görə bu namizədlik təəccüb doğurmayıb və bu vəzifəyə məhz Karapetyanın gətiriləcəyi keçmiş baş nazir Hovik Abramyanın istefasından dərhal sonra bəlli idi.
Respublikaçıların sözçüsü Armen Aşotyan deyib ki,partiya 2017-ci ilin aprel seçkisinə yeni baş nazirlə getməyi qərara alıb.
O deyib ki, cənab Karapetyan Yerevanın meri vəzifəsindıə özünü bilikli və bacarıqlı idarəçi kimi təsdiqləyib.
Sözçü bildirib ki, Karapetyan nəzərdə tutulmuş hökumət dəyişikliklərini daha rəvan şəkildə həyata keçirə biləcək.
Bununla belə, Aşotyan əlavə edib ki, hakim partiya hökumət kabinetinin tərtibi məsələsinə qarışmayacaq.
Təhlilçilər bildirirlər ki, prezident Sarkisyan iyul ayında yaranmış silahlı qarşıdurmanın ardınca “barışıq hökuməti” yaratmağa cəhd göstərir.
Onlar xatırladırlar ki, Respublika Partiyası hələ ötən fevralda Erməni İnqilabi Federasiya Partiyası və ya Daşnaksütunla koalisya razılaşmasına daxil olub.
Onlara Abramyanın hökumətində üç nazir portfeli verilmişdi.
Karapetyanın özü hələlik heç bir şərh verməyib.
53 yaşlı texnokrat 2010-cu ilin sonlarında Yerevan meri təyin olunanadək Ermənistan Milli Qaz Şəbəkəsinin rəhbəri olub. Bu şəbəkə tamamilə Rusiyanın Gazprom şirkətinin nəzarətindədir. Karapetyan vəzifəsindən “şəxsi səbəblərə” görə getmişdi.
Bundan sonra o Rusiyada yaşayırdı və Gazprom sistemində müxtəlif vəzifələri icra edirdi.